40
Anar Məmmədli
Bu gün, martın 12-də vəkil Fariz Namazlı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədli ilə görüşüb.
Görüş zamanı Anar Məmmədli 18 fevral 2025-ci ildə report.az saytında yayımlanan “USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?” başlıqlı məqalədə onun barəsində yer alan iddialarla bağlı mövqeyini ifadə edib. O, məqalədəki məlumatları cəfəngiyyat və təxəyyülün məhsulu adlandıraraq, yazıda irəli sürülən ittihamların tamamilə əsassız olduğunu bildirib.
Anar Məmmədli qeyd edib ki, 2013-cü ildən bəri USAID-lə heç bir əməkdaşlığı olmayıb və bu mövzuda yayılan iddialar həqiqətə uyğun deyil. O, 2016-2023-cü illərdə müxtəlif regional layihələrdə məsləhətçi, təlimçi və analitik kimi fəaliyyət göstərdiyini vurğulayaraq, öz peşəkar fəaliyyəti çərçivəsində yalnız insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafına töhfə verdiyini bildirib.
Məmmədli hesab edir ki, bu kimi məqalələr istintaqın planlı şəkildə dövriyyəyə buraxdığı, reallıqla əlaqəsi olmayan ittihamların bir hissəsidir və məqsəd ictimai rəyə təsir edərək onun fəaliyyətini qeyri-qanuni göstərməkdir. O, bu cür kampaniyaların hüquq müdafiəçilərinin işinə kölgə salmaq məqsədi daşıdığını və əsas insan hüquq və azadlıqlarına zidd olduğunu bildirib.