Fazil Qasımov
İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti baxış iclası keçirilib.
Bu barədə onun ailə üzvləri Toplum TV-yə bildirib.
Fazil Qasımov məhkəmədə bildirib ki, 42 gündür vəkili Nemət Kərimli ilə əlaqə saxlaya bilmir. Buna görə də o, vəkili ilə konfidensial ünsiyyət üçün vaxt istəyib. Hakim onlara 5 dəqiqə vaxt verib.
Ailə üzvləri bildirir ki, fasilə zamanı Fazil Qasımov sənədlərini vəkilinə vermək istəyəndə konvoy sənədləri əlindən alaraq otaqdan çıxıb, daha sonra qayıdaraq sənədləri hakimə verib.
Fazil Qasımov bunun qanunsuz olduğunu deyib və sənədlərin vəkilinə verilməsini istəyib. Yalnız bundan sonra sənədlər vəkilə verilib. Daha sonra vəkil Nemət Kərimli də Fazil Qasımova sənədlər vermək istəsə də, hakim buna imkan verməyib.
Ardınca Fazil Qasımov qeyd edib ki, məhkəməyə gətirilməzdən əvvəl saxlanıldığı Umbakı qəsəbəsindəki cəzaçəkmə müəssisəsində Penitensiar Xidmətin 5 əməkdaşı tərəfindən zorakılığa məruz qalıb.
Qasımovun sözlərinə görə, məhkəməyə təqdim etmək üçün yazdığı apellyasiya şikayətinə əlavələrin ona qaytarılmasını istəyəndə Penitensiar Xidmətin iki əməkdaşı arxadan onun qolundan tutub və Ramin adlı rəis müavini onun üzünə iki şillə vurub və onun boğazından tutaraq boğub.
İqtisadçı bildirib ki, rəis müavini ona “sən cinayətkarsan, biz cinayətkarlarla belə davranırıq” deyib.
Fazil Qasımov məhkəmədə özünü psixoloji və fiziki cəhətdən çox pis hiss etdiyini, tibbi yardıma ehtiyacının olduğunu bildirib. Buna görə də o, məhkəmə iclasının təxirə salınmasını istəyib.
Hakim Fazil Qasımovun səhhəti ilə əlaqədar məhkəmə iclasını avqustun 6-ı saat 16:00-a təxirə salıb.
Qasımov mayın 21-dən başlamaqla azadlığa buraxılması üçün 2 aya yaxın aclıq edib. O, iyunun 17-də aclığı dayandırıb.
Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu. Özü isə ittihamı rədd edir.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.
Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.
Toplum TV