Azər Qasımlı
İyulun 30-da Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi tanınan Qurbanəli Yusifov ifadə verib.
Kriptovalyuta biznesi ilə məşğul olduğunu deyən Yusifov vaxtilə Azər Qasımlının istəyilə onun adına hesab açdığını və politoloqun verdiyi 20 min ABŞ dolları pulla həmin dəyərdə “bitcoin”lər aldığını bildirib. Onun sözlərinə görə, sonradan “bitcoin”lər dəyər itirib.
Yusifov iddia edib ki, Azər Qasımlı qarşılığında ondan “bitcoin”lər və ya 45 min ABŞ dolları tələb edib:
“Mən bundan sonra qorxaraq ölkədən qaçdım. Bununla kifayətlənməyib məni ailəmlə, uşağımı qaçırmaqla təhdid etdi”.
Yusifov özünə yeni vəkil tutduğunu deyib və vəkilin işlə tanış olması üçün məhkəmədən vaxt istəyib.
Proses sentyabrın 10-dək təxirə salınıb.
Qasımlı əvvəlki məhkəmə iclasında bildirib ki, əsl zərərçəkən onun özüdür.
Politoloqun həyat yoldaşı Samirə Qasımlı Toplum TV-yə deyib ki, Qurbanəli Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcunu qaytarması üçün hədə-qorxu gəlinməyib.
“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında Azər Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki “bitcoin” almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, “bitcoin”lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən Azər Qasımlının hesabındakı bir “bitcoin” də yoxa çıxdı”, – o qeyd edib.
Samirə Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb.
Lakin, sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib.
“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya Azər Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, – Samirə Qasımlı bildirib.
Onun dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.
Zərərçəkənin prosesdə iştirakının təmin edilməsi məqsədilə proses iyulun 30-na təxirə salınıb.
Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.
Qasımlı həsbinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.
Toplum TV