Fazil Qasımov 9 il azadlıqdan məhrum edildi

tərəfindən Gozetci

Fazil Qasımov

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən İstanbul Universitetinin doktorantı Fazil Qasımov 9 il azadlıqdan məhrum edilib.
Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu iclasda ona hökm oxunub.
Hökmə əsasən, Fazil Qasımov 9 il, onunla birlikdə mühakimə olunan Anar Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl dövlət ittihamçısı iqtisadçı alimə 10 il, Anar Əliyevə isə istintaqla əməkdaşlığını əsas gətirərək 5 il cəza istəmişdi.
Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb. O, 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib.
Qasımov iqtisaçı alim Qubad İbadoğlunun həbsindən 10 gün sonra eyni cinayət işi üzrə təqsirləndirilib. İbadoğlu azadlığa buraxılandan bir müddət sonra onun haqqında cinayət işi dayandırılsa da, Qasımovun eyni iş üzrə mühakiməsi davam edib.
Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiylə təqsirli bilinib. Cinayət işində iddia olunur ki, o, 2023-cü ilin iyununda İstanbulda digər iqtisadçı Qubad İbadoğlu ilə görüşüb və ona saxta yüz dollarlıq əskinaslar verib, İbadoğlu isə saxta pulları Bakıda Anar Əliyev adlı şəxsə verib.
Qasımovla birlikdə mühakimə olunan Əliyevə qarşı saxta pul hazırlamadan əlavə qanunsuz silah saxlama ittihamı da irəli sürülüb.
Fazil Qasımov məhkəmədəki ifadəsində bildirib ki, istintaqda zorakılıq nəticəsində və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadəyə imza atmağa məcbur edilib.
O, ifadəsindən imtina edib və həbsinin siyasi səbəblərdən olduğunu bildirib.
AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az