Avropa Məhkəməsi azərbaycanlı jurnalistlərlə bağlı hüquq pozuntularını tanıyıb

tərəfindən Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 11-də Azərbaycanla bağlı iki yeni qərarını elan edib. Məhkəmə “Meydan TV” jurnalisti Aytac Əhmədova və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirova qarşı hüquq pozuntularını tanıyıb.

Jurnalist Aytac Əhmədovanın (Tapdıq) şikayəti 2016-cı ildə onun şəxsi foto və videolarının hədə-qorxu məqsədi ilə sosial şəbəkələrdə yayılması və hakimiyyət orqanlarının bununla bağlı araşdırma aparmaması ilə bağlı idi.

İşin hallarına əsasən, 2015-ci ildə “Meydan TV”yə qarşı açılan cinayət işi çərçivəsində 22 yaşlı jurnalist saxlanılaraq Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) dindirilib. BMCMİ əməkdaşları eyni gündə onun evində heç bir məhkəmə qərarı olmadan axtarış aparıb və kompüterini götürüb.

Jurnalist sərbəst buraxılsa da, onun kompüteri geri qaytarılmayıb və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi (hazırkı Baş Prokurorluğun İstintaq idarəsi) tərəfindən “Meydan TV”yə qarşı başlanmış cinayət işinin istintaq materiallarına əlavə edilib.

2016-cı ildə Əhmədovanın ailəsi ilə evdə və çimərlikdə çəkdirdiyi fotoşəkillər və videogörüntülər saxta “Facebook” hesablarında yayımlanıb və haqqında “dilindən asılmalıdır”, “hamının gözü önündə çılpaq asılmadır” kimi ifadələr yazılıb.

Əhmədova şəxsi foto və videolarının onun kompüterindən götürüldüyünü bildirərək Baş Prokurorluğa 2016 və 2017-ci illərdə 3 dəfə şikayət edib, ancaq heç bir cavab almayıb. O daha sonra məhkəməyə şikayət etsə də, bütün məhkəmə instansiyaları şikayəti təmin etməyib.

Jurnalist Avropa Məhkəməsinə ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) 8-ci (Şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (İfadə azadlığı) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozulduğuna dair iddia qaldırıb.

Avropa Məhkəməsi jurnalistin şikayətini təmin edib və hökumətin jurnalistin şəxsi həyatının qorunması ilə bağlı pozitiv öhdəliklərini pozduğuna dair qərar verib.

Məhkəmə qeyd edib ki, yerli hakimiyyət orqanları jurnalistin şikayətlərinə dəfələrlə məhəl qoymayıb, effektiv araşdırmaya başlamayıb və mühüm sübutlara məhəl qoymayaraq onun işinə sırf formal əsaslarla xitam verib.

Qərara əsasən, Azərbaycan hökuməti vəkil Zibeydə Sadıqovanın təmsil etdiyi jurnalistə mənəvi zərərə görə 4500 avro, hüquqi xərclərə görə 1000 avro kompensasiya ödəməli olacaq.

Aytac Əhmədova ötən il dekabrın 6-da “Meydan TV” jurnalistlərinə qarşı “qaçaqmalçılıq” ittihamı ilə açılmış cinayət işinə görə həmkarları ilə birgə həbs edilib.

Strasburq məhkəməsi martın 11-də elan etdiyi digər bir qərarında
Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) üzvü, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun həbsinin qanunsuz olduğunu müəyyən edib.

Əmirov 2016-cı il avqustun 20-də “Gülən hərəkatı”na mənsub olması ittihamı ilə saxlanılmış, məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittihamları ilə həbs qətimkan tədbiri seçmişdi.

Növbəti aylarda Əmirovun həbs müddəti dəfələrlə uzadılmış və ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə kimi yeni ittihamlar irəli sürülmüşdü.

Hüquq-müdafiə təşkilatlarının “qondarma” və “siyasi motivli” adlandırdığı cinayət işinin nəticəsində Əmirov 2017-ci il iyulun 24-də 3 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Sentyabr ayında isə onun barəsindəki hökm Apellyasiya məhkəməsi tərəfindən 2 il 6 ay şərti cəzas ilə əvəz edilərək məhkəmədən sərbəst buraxılmışdı.

İşə baxan Avropa Məhkəməsi müəyyən edib ki, Əmirovun həbsi onun cinayət törətməsinə dair “əsaslı şübhə ilə” həyata keçirilən “qanuni həbs” olmayıb və müvafiq olaraq Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub.

“Faiq Əmirov siyasi-ictimai fəaliyyətinə görə həbs edilmiş, şərləmədə isə o, FETÖ-nün imamı kimi qələbə verilmiş, maşınına “Fəthullah Gülən”, “Fəthullah Gülənlə 11 gün”, “Ruhumuzun heykelini dikerken” kitabları atılmışdı. Sonradan o kitablar cinayət işindən çıxarılmışdı. Çünki onların birinin ön sözünü həmin zaman baş prokuror olan Zakir Qaralovun dayısı Zahid Qaralov yazmışdı”, Əmirovun vəkili Aqil Layıc deyib.

Qərara əsasən, hökumət Faiq Əmirova mənəvi zərərə görə 7500 avro, xərclərə görə 1500 avro ödəməli olacaq.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az