Anar Məmmədli Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edib

by Gozetci

Anar Məmmədli

 

22 sentyabr 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin (SMDT) həmtəsisçi sədri Anar Məmmədli müdafiə çıxışı edib. O, irəli sürülmüş ittihamları əsassız və siyasi motivli adlandıraraq, prosesi “hüquqi” yox, “rejimin qurduğu siyasi tamaşa” kimi qiymətləndirib.

Məmmədli xatırladıb ki, 2013-cü ildə ona qarşı eyni maddələr və eyni faktlar toplusu ilə aparılan cinayət təqibi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 19 aprel 2018-ci il tarixli “Məmmədli Azərbaycana qarşı” qərarı ilə siyasi sifarişli və hüquqdan sui istifadə kimi qiymətləndirilib.

Anar Məmmədli çıxışında məhkəmə prosesinin ədalətli məhkəmə araşdırması standartlarına cavab vermədiyini vurğulayıb. O, bildirib ki, AİHM “Məmmədli Azərbaycana qarşı” qərarı artıq hüquqi presedent yaradıb və həmin qərarda onun əvvəlki məhkumluğunun siyasi sifariş olduğu sübut edilib.

Məmmədli sual edib ki, əgər eyni faktlar toplusu üzrə AİHM “əsaslı şübhə yoxdur” qərarına gəlibsə, hazırkı proses əvvəlkindən nə ilə fərqlənir?

Məmmədli öz çıxışında həm birinci, həm ikinci həbsinin ölkədə keçirilən qeyri demokratik seçki monitorinqi barədə tənqidi hesabatlarından sonra həyata keçirildiyini təsadüfü ardıcıllıq yox, hökümətin siyasi qisas motivləri ilə izah edib və məhkəməni AİHM presedentini tətbiq edərək hüququn aliliyini qorumağa və eyni səhvləri təkrarlamamağa çağırıb. Məmmədli AİHM-in 2018-ci il Məmmədli Azərbaycana qarşı qərarının azərbaycanca tərcüməsini məhkəməyə təqdim edib. O, məhkəmədən ittihamların siyasi motivli olduğunu etiraf edib ədalətli mövqe ortaya qoymağı tələb edib.

Məmmədli məhkəmə çıxışında xüsusi olaraq qeyd edib ki, ittiham aktında onun “əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş” şəxs kimi təqdim olunması hüquqi baxımdan əsassızdır və siyasi motiv daşıyır. O xatırladıb ki, 2013-cü ildə barəsində açılmış cinayət işi artıq Avropa İnsan Hüquqları Məhkəməsinin 2018-ci il qərarı ilə qanunsuz və siyasi motivli elan olunub. AİHM müəyyən edib ki, Məmmədlinin həbsi “əsaslı şübhə” standartına cavab verməyib, başqa sözlə əsassız şübhəyə söykənib, məhkəmələr effektiv nəzarət həyata keçirməyib və həbsin əsl məqsədi onun fəaliyyətinə görə susdurulması olub. Bu qərar əsasında Azərbaycan dövləti ona təzminat ödəyib, lakin əsas məsələ – bəraətin verilməsi – bu günə qədər təmin edilməyib. Məmmədli vurğulayıb ki, Azərbaycan hökuməti artıq 7 ildir Avropa Şurasının Nazirlər Komitəsini aldadaraq, guya bəraətin veriləcəyi barədə vədlər versə də, qərarın icrasını təmin etməyib. Halbuki, AİHM-in qərarına görə, onun əvvəlki “məhkumluğu” öz hüquqi nəticələrini itirməli, Ali Məhkəmə tərəfindən bəraət qərarı çıxarılmalı idi.

Onun sözlərinə görə, ittiham aktında hələ də əvvəlki məhkumluğun göstərilməsi təkcə daxili qanunvericiliyə deyil, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə və AİHM qərarlarının icrasına açıq-aşkar ziddir. Bu, dövlətin qeyri-ciddi və qanunsuz fəaliyyətinn növbəti özü-özünü ifşasıdır.

Çıxışında ittiham aktının absurdluğunu vurğulayan Məmmədli qeyd edib ki, sənəd elementar hüquq və dil qaydalarına zidd, dolaşıq, hüquqi məzmundan məhrum uzun-uzadı cümlələrlə qurulub. Məmmədli qeyd edib ki, 8 aprel 2025-ci ildə elan olunmuş ittihamın əsası cəmi üç cümlədə ifadə olunur: birincisi 224 sözdən, ikincisi 554 sözdən ibarətdir; üçüncü cümlə isə 12 səhifəlik – təqribən 6.370 sözdür. Məmmədli bu qədər dolaşıq və hədsiz uzun cümlələrin hüquqi sənəd yox, “səlnaməçi-mətn” təsiri bağışladığını vurğulayıb. O, Avropa İnsan Hüquqları Məhkəməsinin 2018-ci ildə çıxardığı “Məmmədli Azərbaycana qarşı” qərarını xatırladaraq bildirib ki, həmin qərarda da ittiham aktlarının aydınlıq və nizam-intizamdan məhrum olması xüsusi vurğulanmışdı. Məmmədli qeyd edib ki, əgər 2013-cü ildə bir səhifəlik uzun cümlə “ittiham” hesab olunurdusa, bu gün artıq “12 səhifəlik cümlə” yazmaq təcrübəsi “inkişaf etdirilib”. Onun sözlərinə görə, bu, yalnız repressiv praktikanın davamlılığını deyil, həm də bu repressiyanı həyata keçirənlərin məntiqsizliyinin getdikcə böyüdüyünü göstərir.

Məmmədlinin sözlərinə görə, bu, Azərbaycan hüquq-mühafizə sistemində Sovet dövründən miras qalmış repressiv düşüncə tərzinin davamıdır. Məmmədli hazırkı ittihamları sovet dövrünün repressiv məhkəmələri ilə müqayisə edib. O qeyd edib ki, necə ki, 1974-cü ildə sovet müstəntiqləri Aleksandr Soljenitsının “Qulaq Arxipelaqı” əsərinə görə onun ədəbi çevrəsi ilə məktublaşmasını və material toplamasını “koordinasiya olunmuş antisovet fəaliyyət” kimi qələmə verirdilərsə, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına qarşı irəli sürülən “mütəşəkkil dəstə” ittihamı da həmin məntiqin davamıdır.

Məmmədli çıxışında SMDT-nin qeydiyyatsız fəaliyyətinin də ittihamın əsas motivinə çevrilməsini hüquqi absurd adlandırıb. O, xatırladıb ki, həm Azərbaycan qanunvericiliyi, həm də AİHM qərarları QHT-lərin dövlət qeydiyyatı olmadan da fəaliyyətinin hüquqiliyini tanıyır. Dövlətin beynəlxalq hesabatlarında bu mövqeni açıq şəkildə qəbul etdiyi halda, məhkəmədə bunun cinayət kimi təqdim olunmasını “ikili standart” və “hüquqi böhran” adlandırıb. Məmmədli xatırladıb ki, Azərbaycan hökuməti artıq 2008-ci ildə Seçkilərin Monitorinqi Mərkəzinin qeydiyyatını ləğv edib, 2009-cu ildə isə yeni təsis edilmiş SMDT-nin qeydiyyata almaqdan imtina edib. Avropa İnsan Hüquqları Məhkəməsi bu addımları qanunsuz sayaraq, “Seçkilərin Monitorinqi Mərkəzi və Başqaları Azərbaycana qarşı” (02.12.2021, Ərizə № 64733/09) və “SMDT Azərbaycana qarşı” (12.01.2023, Ərizə № 70981/11) qərarları ilə Azərbaycan dövlətinin hər iki təşkilatı qeydiyyata almaq öhdəliyini təsbit edib.

Məmmədli vurğulayıb ki, “QHT-lər haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, ictimai birliklər dövlət qeydiyyatı olmadan da təsis edilə və fəaliyyət göstərə bilər. Hətta Azərbaycan hökuməti 2022-ci ildə Avropa Şurası Nazirlər Komitəsi qarşısında rəsmi şəkildə bəyan edib ki, QHT-lərin qeydiyyatı könüllü xarakter daşıyır və ölkədə qeydiyyatsız fəaliyyət göstərən təşkilatlar da mövcuddur. Məmmədli bildirib ki, dövlətin beynəlxalq platformalarda “qeydiyyat könüllüdür” mövqeyini müdafiə etməsinə baxmayaraq, daxildə bu mövqe tam əksinə tətbiq olunur və qeydiyyatsız fəaliyyət cinayət kimi qələmə verilir.

Daha sonra Məmmədli əlavə edib ki, SMDT qeydiyyata alınmaq üçün bütün hüquqi yolları sınayıb və AİHM-də qalib gəlib, lakin dövlət qəsdən qeydiyyatı təmin etməyib. Belə olduğu halda, qeydiyyatsızlığın məsuliyyətini SMDT-yə yox, Azərbaycan hakimiyyətinə aid etmək olar.

Çıxışında bu ittihamların absurdluğunu Sovet repressiyalarına bənzədən Məmmədli qeyd edib ki, necə ki, 1964-cü ildə Leninqradda Dzerjinski Rayon Məhkəməsi gənc şair İosif Brodskini “müftəxorluq” ittihamı ilə məhkəməyə çıxarmışdı, indi də SMDT-nin qeydiyyatsız fəaliyyətini cinayət kimi təqdim etməklə, Azərbaycan istintaq orqanları sovet müstəntiqlərinin repressiv təfəkkürünü təkrarlayır.

Anar Məmmədli əvvəlki qanunsuz məhkumluğunun götürülməsini və Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin (SMDT) qeydiyyatını tələb edən AİHM qərarlarının icra edilməməsi ilə bağlı tələb edib ki, bu qərarların icrasına məsul tərəflər – Azərbaycan Ali Məhkəməsinin sədri və Azərbaycanın AİHM yanında nümayəndəsi prosesə çağırılsın və onların mövqeyi birbaşa məhkəmədə öyrənilsin və ya onlardan rəsmi sorğu ilə məlumat istənilsin. Məmmədli bununla bağlı növbəti məhkəmədə vəsatətlə çıxış edəcəyini bildirib.

Onun sözlərinə görə, bu vəziyyət sadəcə hüquqi uyğunsuzluq deyil, məqsədli şəkildə yaradılmış qeyri-müəyyənlikdir. Bu isə hüququn əsas prinsiplərindən olan hüququnun aliliyi və hüquqi müəyyənlik kimi prinsiplərin kobud şəkildə pozulmasıdır.

Ümumilikdə, Anar Məmmədli məhkəmənin diqqətinə çatdırıb ki, ona qarşı ittihamların əsası yoxdur və məqsəd yalnız onun ictimai-siyasi fəaliyyətinə görə susdurulmasıdır. O, bu prosesi Azərbaycanın vətəndaş cəmiyyətinə qarşı son illərdə aparılan repressiyaların davamı kimi dəyərləndirib və bütün siyasi məhbusların azadlığa buraxılması çağırış edib.

Məmmədli çıxışını 29 sentyabr 2025-ci il saat 15:45-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək növbəti iclasda davam etdirəcək.

Full link to the text in English

 

 

 

 

 

 

 

You may also like