Anar Məmmədli
Məmmədli 17 aydır ki, keyfiyyətli həkim müayinəsi ilə təmin edilmir
Bu barədə Anar Məmmədlinin valideynləri onunla 26 sentyabrda görüşdükdən sonra bildiriblər.
Ailəsinin Məmmədliyə istinadən verdiyi məlumata əsasən, Məmmədli diz oynağının artrozu-qonartroz xəstəliyindən əziyyət çəkir və xəstəlik hazırda kəskinləşib. O, addım atmaqda çətinlik çəkir, diz nahiyəsində şişkinlik və qızartı müşahidə olunur. Məmmədlinin ailə üzvlərinin revmatoloq və travmatoloqlarla apardıqları məsləhətləşmələrindən sonra xəstəliyin bursit (oynaqdaxili bursa kisəsinin iltihabı) və sinovit (oynaqdaxili sinovial qişanın iltihabı) ilə əlaqəli ola biləcəyi bildirilib. Həkimlər ayaqda şiş, qızartı və temperatur artımını da bununla izah ediblər.
Həkimlərin tövsiyəsinə əsasən, belə xəstələr mütəmadi olaraq nəzarətdə saxlanılmalı, MRT, rentgen və laborator müayinələrdən keçməlidir. Lakin Məmmədli artıq 17 aydır ki, heç bir keyfiyyətli və lazımi tibbi müayinələrdən keçirilmir. Onun vəkillərinin mülki xəstəxanada hərtərəfli müayinələr aparılması üçün dəfələrlə etdiyi müraciətlərə rədd cavabı verilib.
Ailəsinin sözlərinə görə, hüquq müdafiəçisinin saxlanıldığı rütubətli və nəm şərait də onun ağrıları və iltihabi prosesinı daha da ağırlaşdırır.
Məmmədli normal saxlanma şəraiti, təcili tibbi müayinə və müalicə ilə təmin edilməsə, onun davam edən məhkəmə proseslərində iştirakı səhhəti ilə əlaqəli olaraq mümkünsüz ola bilər.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, hüquq müdafiəçisi Anar Məmmədli 29 aprel 2024-ci ildə Azərbaycanda media və vətəndaş cəmiyyəti təşkilatlarına qarşı aparılan repressiyalar çərçivəsində həbs edilib. Məmmədli öz həbsini Azərbaycanda müstəqil yerli seçki müşahidəçiliyi, icma quruculuğu və hüquq müdafiəsi sahəsindəki müstəqil fəaliyyətləri ilə əlaqələndirir.
Beynəlxalq insan haqları təşkilatları Məmmədlini siyasi məhbus hesab edir, onun dərhal azad olunmasını və hüquqlarına hörmət olunmasına dair çoxsaylı çağırışlar ediblər.
Full link to the text in English