Tofiq Yaqublu
Həbsdə artıq 32 gündür aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublunun 17 kiloqrama yaxın çəki itirdiyi bildirilir.
Bu barədə bu gün, mayın 2-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində Tofiq Yaqublu ilə görüşən vəkil Nemət Kərimli məlumat verib. Vəkil bildirir ki, onun çəkisi artıq 78.9 kq-a düşüb (aclığa başlayanda 95.6 kq açıqlanmışdı):
“Bildirdi ki, yata bilmir. Vəziyyəti pisləşib. Bir qədər söhbət etdik. Söhbət əsnasında iki dəfə nədən danışdığı yadından çıxdı. Vəziyyəti günü-gündən pisləşir”.
Vəkil deyib ki, mayın 6-da Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq:
“Ümid edək ki, məhkəmə humanizm prinsipini rəhbər tutaraq həbs-qətimkan tədbirini dəyişər…”.
Hələlik, müdafiə tərəfinin açıqlamasına Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
AzadlıqRadiosu