Tofiq Yaqublu
Vəkil Nemət Kərimli həbsdə olan siyasətçi, hüquqlarını müdafiə etdiyi Tofiq Yaqublu ilə görüşdən imtina edib.
O, “Facebook” səhifəsindəki yazısında qərarını Penitensiar Xidmət əməkdaşlarının onun üzərində qanunsuz yoxlamalar aparması ilə izah edib.
Kərimli bildirib ki, avqustun 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində Yaqublu ilə təyin olunan görüşə gedərkən qapıdakı işçilər onun üzərində axtarış aparmaq və bəzi sənədləri müsadirə etmək istəyiblər. O isə axtarışa razı olmayıb və nəticədə görüşə getməyib.
“Tofiq bəyin aclıqdan sonra bərpa dövründə bu qanunsuzluğa birtəhər dözmək olurdu ki, təki görüşüm. Lakin sonuncu dəfə – avqustun 8-də açıq-aydın axtarış aparıldı. Mən təbii olaraq etiraz etdim, sonra rəis telefon vasitəsilə mənə bildirdi ki, bura xüsusi yerdi və axtarış aparılmalı, sənədlər yoxlanılmalıdı və ürəkləri istədiyi qərarı verməlidirlər”, – vəkil qeyd edib.
Kərimli “Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarına istinad edərək xatırladıb ki, həbs edilmiş şəxslərin müdafiəçilərinin yazışmalarına senzura tətbiq edilə bilməz.
Vəkil vaxtilə Yaqublunun təqsirləndirildiyi “İsmayıllı hadisələri işi”nin hazırda Avropa İnsan Hüquqları Məhkəməsində kommunikasiya mərhələsində olduğunu, buna görə müvəkkili ilə görüşməli olduğunu deyib.
T.Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Özü ittihamları qurama sayır.
O, 2013-cü ildə də İsmayıllıda etirazlarda iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi pislənilib. 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.
Toplum TV