Afiəddin Məmmədov saxlanma şəraitindən narazıdır

tərəfindən Gozetci

Afiəddin Məmmədov

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində ümumi vəziyyətin çox pis və dözülməz olduğunu bildirir.

Yaxınlarının məlumatına görə, ictimai fəalın səhhəti və  psixoloji vəziyyəti ağırdır.

“Dedi ki, orada vəziyyət pisdir. Daha detallı danışmaq istəyəndə zəngi söndürdülər. Sonra yenidən bir neçə dəfə zəng elədik, söndürürdülər. Daha sonra icazə verdilər, amma o barədə yenə danışanda, yenə söndürdülər”, – yaxınları bildirir.

Yaxınlar deyir ki, vədlər verilsə də, Məmmədovun saxlanılma şəraitində heç bir yaxşılaşma yoxdur və bu, Məmmədovun psixoloji durumunu daha da pisləşdirib:

“Mətbəxdə, ərzaq saxlanılan yerdə siçanlar olur, ərzaqı yeyirlər. Antisanitar vəziyyətdir. Yatan yerdə də böyük siçovullar olur. Adam çoxdur, ayaqyolunda saatlarla növbələr olur”.

Afiəddin Məmmədovun normal həkim müayinəsindən də keçə bilmədiyi də deyilir.

“Səhhətində problem olmuşdu, bizə də hər gün zəng edə bilmir, bizim də bundan xəbərimiz yox idi. Tibb məntəqəsinə getmişdi, həkim yerində olmayıb. Bir neçə gün sonra həkimin qəbuluna düşə bilib, onda da yolaverici dərman veiblər”, – fəalın yaxınları qeyd edib.

İşçi Masasının sədri Afiəddin Məmmədov 2023-cü ilin sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

Bu ilin yanvarında Afiəddin Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Fəal ittihamları qəbul etmir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Toplum TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az