Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsi talış tarixinin tədqiqatçısı İqbal Əbilovun həbsinin 4 ay uzadılması barədə şikayətə baxıb.
Vəkil Fəriz Namazlı jurnalistlərə bildirib ki, müdafiə tərəfi bu ərarın əsassız olduğunu bildirib.
“İstintaq orqanı İqbal Əbilovun həbsdə saxlanması üçün konkret əsaslar gətirməyib. Biz qeyd etdik ki, Əbilov saxlanıldıqdan sonra onunla bağlı istintaq hərəkətləri aparılmır. Əbilov özü deyib ki, o, alimdir, tədqiqatçıdır, özünü günahkar hesab etmir, ittiham olunduğu cinayətləri törətməyib, həbsi isə qanunsuzdur”, – vəkil deyib.
Lakin onun sözlərinə görə, Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
* İqbal Əbilov 22 iyul 2024-cü ildə dövlətə xəyanət, xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması ittihamları ilə saxlanılıb.
Əsasən bildirilir ki, bu cinayətlərin hamısı Ermənistanın xüsusi xidmət orqanlarının göstərişilə törədilib.
Əbilov ittihamları rədd edir və bildirir ki, sadəcə, elmi fəaliyyətlə məşğul olub. Dünyanın müxtəlif ölkələrindən alimlərdən ibarət böyük qrup Azərbaycan rəhbərliyinə müraciət edərək Əbilovun azad edilməsinə köməklik göstərilməsini xahiş ediblər. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 19-da məhkəmə İqbal Əbilovun həbs müddətini daha 4 ay uzadıb.
Turan