Bəhruz Səmədov
Avqustun 13-də Bakı Apellyasiya Məhkəməsində Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalı Bəhruz Səmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verdiyi şikayətə baxılıb.
Elmar Rəhimovun sədrlik etdiyi məhkəmə prosesi qapalı keçirilib.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, prosesdə məhkəmənin açıq keçirilməsi də daxil olmaqla, ümumilikdə 20-dən çox vəsatət qaldırılıb.
Vəsatətlərin heç biri təmin edilməyib.
Məhkəmədən bir gün öncə B.Səmədov nənəsi Zibeydə Osmanova ilə görüşərək vəziyyətinin yaxşı olmadığını, avqustun 13-də baş tutacaq məhkəmə iclasında iştirak etməyəcəyini desə də, prosesə qatılıb.
Növbəti məhkəmə prosesi avqustun 20-ə təyin olunub.
Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub. Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub.
O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.
Toplum TV