Məhəmməd Kekalov
“AbzasMedia işi” çərçivəsində həbs edilən Məhəmməd Kekalova vəkili ilə telefonla əlaqə saxlamasına imkan verilmədiyi bildirilir.
Bu barədə məlumatı həmin nəşrə onun ailəsi verib.
Ailəsinin sözlərinə görə, Kekalov bu gün, avqustun 12-də saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleksdən vəkilinə zəng etmək istəyib, lakin həbsxana işçiləri buna icazə verməyib, telefon dəstəyini əlindən zorla alaraq yerinə qoyublar. Vurğulandığına görə, ona yalnız həbsxana rəisinin icazəsindən sonra vəkilinə zəng edə biləcəyi deyilib.
Bu məlumata Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma həmin qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı deyilib ki, məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.
M.Kekalov 2025-ci il iyunun 20-də 7 il 6 ay azadlıqdan məhrum edilib. O, “AbzasMedia işi”ndə digər altı nəfərlə birlikdə qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətlərini ehtiva edən səkkiz maddə ilə ittiham olunub.
Həmin iş üzrə AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə, “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı 9 il, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova isə 8 il azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslərin hamısı ittihamları rədd edir və həbslərinin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.
“AbzasMedia işi” üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlamışdı.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.
AzadlıqRadiosu