AXCP üzvünə fiziki təzyiq göstərildiyi deyilir

tərəfindən Gozetci

Elnur Hasan

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Həsənovun fiziki təzyiqə məruz qaldığı bildirilir.

Bu barədə partiyadan məlumat veriblər.

AXCP-dən qeyd olunub ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Elnur Həsənov yanvarın 25-də Xətai rayon Polis İdarəsinə gətirilib:

“Orada heç bir səbəb olmadan dörd polis əməkdaşının onu döydüyü bildirilir. Səhərisi gün isə Elnur bəy yenidən təcridxanaya aparılıb”.

Elnur Həsənovun vəkili Nemət Kərimli “Turan”a deyib ki, həmin şikayətlə bağlı prokurorluğa müraciət ediləcək.

İddialara Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Elnur Həsənov ötən il noyabrın 28-də Cinayət Məcəlləsinin 234.4.3-cü (küllü miqdarda qanunsuz olaraq narkotik vasitələri,… hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə həbs olunub. O, ittihamı qəbul etmir və həbsini yol polisindəki nöqsanlar barədə kəskin çıxışları ilə əlaqələndirir.

Elnur Həsənov bundan əvvəl də inzibati qaydada həbs edilib. O, xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılaraq 30 sutka inzibati həbs almışdı. AXCP üzvü onda da ittihamı qurama sayırdı.

Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla həbs edilsə də, AXCP-dən onların siyasi sifarişlə şərləndiklərini açıqlayıblar. Hərçənd ölkə rəsmiləri siyasi həbslərlə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az