Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.

tərəfindən Gozetci

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb

Azərbaycan Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılıb və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.

Bundan əlavə Azərbaycanda prezident seçkilərini izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib.

Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, onlardan 5405-i MSK, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda nəzarəti bərqərar etməsindən sonraya təsadüf edir.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.

“Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb”, 2020-ci ilin fevralında növbədənkənar parlament seçkilərini beynəlxalq missiya belə qiymətləndirmişdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.

Hesabatda qeyd edilir ki, seçkilərə qatılan altı namizəd keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.

Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az