“Müsəlman Birliyi” Hərəkatının fəalının apellyasiya şikayəti təmin edilməyib

tərəfindən Gozetci

Ağaəli Yəhyayev

Sentyabrın 7-də Sumqayıt Apellyasiya Məhkəməsi hakim Rəşadət Ağayevin sədrliyi ilə “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Ağaəli Yəhyayevin apellyasiya şikayətini təmin etməyib. Apellyasiya Məhkəməsi Abşeron rayon Məhkəməsinin həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə, məhkəmə Ağaəli Yəhyayevin polis şöbəsində işgəncəyə məruz qalması ilə bağlı vəsatətinin araşdırılması üçün Abşeron rayon Prokuroluğuna müraciət edib.

Xatırlatma

Yəhyayev avqustun 31-də saxlanılıb. Ertəsi gün ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Ağaəli Yəhyayevi 5 ildən 12 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir.

Ağaəli Yəhyayev bundan öncə də həbsdə olub.

O, 2015-ci il noyabrın 26-da polisin Bakının Nardaran kəndində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb, 15 il həbsə məhkum edilib. 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə deyib ki, artıq bir neçə aydır inanclı şəxslərə qarşı repressiya siyasəti həyata keçirilir.

“Onlar həbs olunur. Hələ də bu həbs prosesi davam edir. Bütün tənqidlərə və iradlara baxmayaraq hakimiyyət bu siyasəti hələ də davam etdirir. Məntiqi izah da verilmir. Ortaya ciddi sübutlar da qoyulmur. Cəmiyyətdə belə bir fikir formalaşır ki, bu insanlar cinayət törətmir və bu insanları hansısa siyasətin qurbanı olur. Əsasən də İranla münasibtlər pisləşəndən sonra inanclı şəxslərə qarşı belə bir repressiya siyəsəti həyata keçirilmişdir”.

Hüquq müdafiəçisnin dediyinə görə, saxlanılan şəxslərə qarşı işgəncə və pis rəftar iddiaları irəli sürülür.

“Əvvəllər də hakimiyyət bu praktikadan istifadə edib. İnsanları həbs edib, onlara müxtəlif yollarla təzyiq edir ki, onlar o ittihamları qəbul etsin. İnsanlar da məcbur qalıb ittihamları qəbul edir. Sonradan dəfələrlə olub ki, məhkəmə prosesində işgəncə və pis rəftar nəticəsində ittihamları qəbul etdiyini və həmin ifadələrdən imtina etdiyini bildiriblər”.

Kazımlı son illər vətəndaş cəmiyyəti nümayəndələrinə saxlanma yerlərində monitiorinq aparmağa imkan vermilmədiyindən təəssüflənir.

“Normal olaraq belə bir iddialar olanda vətəndaş cəmiyyəti nümayəndələri həmin şəxslərə baş çəkib, həmin şəxslərlə gizli görüşlər keçirib pis rəftara, işgəncəyə məruz qalmasını araşdırmalıdır. Amma bizim hakimiyyət buna imkan vermir. Vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırıb”.

Onun sözlərinə görə, ölkədə insan hüquqları sahəsində ciddi problemlər qalmaqdadır.

“Təəssüf ki, Azərbaycan hakimiyyəti bu pozuntuları, səslənən problemləri aradan qaldırmaq əvəzinə, əksinə bunu davam etdirir. Bu da yaxşı hal deyil. Ölkənin imicinə zərbədir. Məncə hakimiyyət bu kimi hallardan əl çəkməlidir və insanlara işgəncə verənləri cəzalandırmalıdır”, o belə düşünür.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az