Qubad İbadoğlunun işi Avropa Parlamentində müzakirəyə çıxarılacaq

tərəfindən Gozetci

Qubad İbadoğlu

Avropa Parlamenti önümüzdəki həftə baş tutacaq plenar iclasında Azərbaycanda həbs edilən Qubad İbadoğlunun işini müzakirə edəcək.

Parlamentin insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin pozulması hallarına dair təcili debatlar proseduru üzrə keçiriləcək müzakirələr həftənin çərşənbə günü baş tutacaq. Cümə axşamı Qubad İbadoğlunun işi ilə bağlı qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Mariya Kalyurand və Parlamentin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko avqustun 21-i birgə bəyanat yayaraq Qubad İbadoğlunun həbsi və Azərbaycanda insan hüquqlarının pisləşən vəziyyəti barədə narahatlıq ifadə ediblər.

“Qubad İbadoğlu 23 iyul 2023-cü ildə saxtakarlıq ittihamı ilə həbs edilib və hələ də həbsdə saxlanılır. Onun həbsdə fundamental hüquqları pozularaq alçaldıcı rəftara məruz qaldığı, ailəsi və vəkili ilə təmasına, qida və həyati əhəmiyyət kəsb edən dərman preparatlarına çıxışına ciddi məhdudiyyətlər qoyulduğu bildirilir. Biz Azərbaycan hakimiyyətini təcili şəkildə İbadoğlunu zəruri tibbi yardımla təmin etməyə və onun dərhal azad edilməsinə çağırırıq”, bəyanatda vurğulanıb.

Avropa Parlament həmçinin bu ilin mart ayında Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri qiymətləndirən hesabat qəbul edib. Parlament həmin hesabatda Azərbaycanda insan hüquqlarının vəziyyətini tənqid edib, Azərbaycan hakimiyyəti insan hüquqlarına hörmət etməyə çağırıb.

Xatırlatma 

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az