Ali Məhkəmə Pünhan Kərimlinin işini Apellyasiya Məhkəməsinə qaytarıb

tərəfindən Gozetci

Pünhan Kərimli

Mayın 16-da Ali Məhkəmədə Almaniyadan Azərbaycana readmissiya olunandan bir qədər sonra narkotik ittihamı ilə həbs olunanlardan biri – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimlinin işinə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona 6 il həbs cəzası verilib, daha sonra Apellyasiya Məhkəməsi bu müddəti 1 il azaldıb. Pünhan Kərimli narkotik ittihamının saxta olduğunu bildirir, ona bəraət verilməsini tələb edir. Ali Məhkəməyə kassasiya şikayətində də bəraətverici əsaslarla barəsindəki cinayət işinə xitam verilməsini istəyib.

Hakim Rəşad Abdulovun sədrlik etdiyi iclasda Pünhan Kərimlinin vəkili Cavad Cavadov bildirib ki, müvəkkili haqqında cinayət işi əsassızdır. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə irəli sürülmüş ittihamları təsdiqləyən heç bir sübut-dəlil yoxdur. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmü çıxarıb, apellyasiya da onu qüvvədə saxlayıb.

Vəkil çıxışının sonunda Pünhan Kərimlinin barəsində cinayət işinə xitam verilməsini istəyib, onun təqsirsiz olduğunu deyib.

Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib və işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Bu barədə Amerikanın Səsinə Pünhan Kərimlinin atası Vahid Kərimov məlumat verib.

Onun sözlərinə görə, Kərimov özü də məhkəmədən söz haqqı istəyib. O, öz çıxışında oğlunun günahsız olduğunu bildirib.

“Dedim ki, oğlum şərlə-böhtanla həbs olunub və həbs olunanda işgəncəyə məruz qalıb. Pünhan işgəncə altında bu ittihamı qəbul etməli olub. Ümid edirəm ki, məhkəmə öz qərarını ləğv edər,” Vahid Kərimov bildirib.

Pünhan Kərimli bu ittihamları qəbul etmir, siyasi baxışlarına, sosial şəbəkələrdə hökumət əleyhinə tənqidi fikirlərinə və Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar keçirilən etiraz aksiyalarında iştirakına görə cəzalandırıldığını bildirir.

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2014-cü ildə imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

2022-ci ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal – Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunub.

Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edir.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az