Zərdab sakini uşaqlarına təyin olunan müavinətin kəsilməsindən şikayətçidir (YENİLƏNİB)

tərəfindən Gozetci

“Gözətçi” xəbər verir ki, Zərdab sakini Ramilə Rəhimovanın həyat yoldaşı vəfat etdikdən sonra uşaqlara baxmaq üçün təyin olunan müavinət kəsilib.

“2019-cu ilin yanvar ayında sosial yardım almaq üçün Ünvanlı Dövlət Sosial yardıma müraciət etdim. Oradan mənə bildirdilər ki, sosial yardım almağımla bağlı pensiya xidmətinə məlumat verməliyəm. Pensiya xidmətindən mənə dedilər ki, siz sosial yardım alsanız, sizin uşağa baxmaq üçün təyin edilən müavinət kəsiləcək. Nə üçün kəsilməlidir, səbəbini isə demədilər”.

R. Rəhimovanın sözlərinə görə, 2019-cu ilin mart ayından sosial yardım alıb və həmin vaxtdan uşağa baxmaq üçün təyin edilən müavinət kəsilib.

“Bu ilin yanvar ayından isə sosial yardım kəsilib. Sənədlərimin təkrar Ünvanlı Dövlət Sosial yardıma göndərilməsi üçün Dost Mərkəzinə müraciət etdim. Dost Mərkəzindən isə mənə bildirdilər ki, sosial yardım alınır deyə, uşağa baxım pulunun kəsilməsi ilə bağlı hər hansı bir qanun yoxdur”.

Qeyd edək ki, Ramilə Rəhimovanın həyat yoldaşı 2016-cı ilin avqust ayında vəfat edib. O zaman övlarından birinin 6, digərinin 2 yaşı olub. Həmin ilin oktyabr ayından ailə başçısını itirdiyinə və heç bir yerdə işləmədiyinə görə, ona 8 yaşına kimi uşaqlara baxmaq üçün əvvəllər 180, daha sonra isə 220 manat müavinət təyin edilib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, şikayət araşdırılıb və aydınlaşdırılıb ki, uşaqlara baxmaq üçün təyin olunan müavinətin kəsilməsi qanuna uyğun deyil. Şikayətçi 3 saylı Dost Mərkəzinə yaxınlaşıb daha ətraflı məlumat ala bilər.

Ramilə Rəhimova bildirir ki, onu 3 saylı Dost Mərkəzindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Zərdab rayon şöbəsinə yönləndiriblər.

“Bütün sənədləri hazır edib DSMN-a təqdim etdim. Bildirdilər ki, 2019-cu ilin mart ayından kəsilən müavinət iyul ayından etibarən hər ay ödəniləcək”.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az