Bakı sakini əlillik müavinətinin kəsilməsindən şikayətçidir

tərəfindən Gozetci

Etibar Məmmədov “Gözətçi”yə göndərdiyi şikayətində bildirib ki, əlillik pensiyası dayandırılıb.

Bakı sakini Etibar Məmmədov 2013-cü ildə iş qəzasında yıxılıb, sağ ayağının çanaq sümüyü çıxıb. 2013-cü il mayın 30-da Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) ona “Sağ tərəfli koksartroz.IV dər. Sağ diz oynağının açıcı kontrakturası.sağ a/ətrafın 3.0sm. qısalığı” diaqnozunu qoyub və üçüncü dərəcəli əlillik təyin edilib.

“2014-cü ildən pensya alıram. Əvvəllər TSEK-dən baxış iki ildən bir idi, indi beş ilə keçirilib. Mənim də beş ilim 2021-ci ilin mart ayının 30-da bitib. Bunun üçün də gedib Sabunçu xəstəxanasında yatmışam. Müalicə, rentgen hər birisi edilib”.

Şikayətçi bildirir ki, ona xəstəxanadan Forma-88 verilib və 15 nömrəli poliklinikaya yönləndirilib:

“Poliklinikada həkim dedi ki, bizdə növbə çoxdur, sənin adını qeyd edirik növbən çatanda yaxınlaşarsan. Mənim növbəm də çatır noyabr ayında. Mən bu noyabr ayına kimi nə edim? Hara gedəcəyimi, kimə müraciət edəcəyimi də bilmirəm”.

Etibar Məmmədovun ailəsi üç nəfərdən ibarətdir. Həyat yoldaşı işləyir. Oğlu isə məktəblidir, hazırlığa gedir, imtaha hazırlaşır.

“Mən özüm də 2014-cü ildən işləmirəm. Hara iş üçün müraciət edirəm, işə götürmürlər. Deyirlər ayağın axsayır, yeriyə bilmirsən. Ona görə ümidim bir pensiyaya qalıb”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məsələyə münasibət bildirərək qeyd edib ki, adıçəkilən şəxsin əlillik müddətinin uzadılması, əlilliyin yenidən qiymətləndirilməsi üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən Əlillik Altsisteminə yeni forma 88 (göndəriş) daxil edilməyib.

“Forma 88-in (göndəriş) sistemə daxil edilməsi səhiyyə müəssisəsinin vəzifəsidir. ƏƏSMN-i Əlillik Altsisteminə Forma 88 daxil edildikdən sonra əlilliyin qiymətləndirilməsi barədə qərar verə bilər”.

15 nömrəli poliklinikadan isə Etibar Məmmədova  məlumat verilib ki, vətəndaşın sənədləri, yəni Forma 88 Əlillik Altsisteminə may ayının 22-dən daxil edilib.

Etibar Məmmədov yenidən “Gözətçi”yə şikayət edərək bildirib ki, may ayının 22-də göndərilən Forma 88-dən imtina cavabı gəlib.

“İkinci dəfə poliklinikaya yaxınlaşdım, mənə dedilər ki, 2 ay gözləməlisən. Mənə cavab mesajı gəlmədiyi üçün iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə getdim. Oradan da mənə 2 ay gözləməli olduğumu bildirdirdilər. Məlumat verdilər ki, avqustun 15-də 15 nömrəli poliklinadan sənədlərimi götürüb, Milli Onkologiya Mərkəzində rentgendən keçməliyəm. Daha sonra həmin sənədlər əsasında Forma 88 doldurulmalıdır”.

Şikayətçi deyir ki, iki ay gözləməsinin səbəbini soruşduqda isə Respublika Əlillərin Bərpa Mərkəzindən “nazirliyin qərarıdır” cavabı verilib.

“Mart ayından mənim əlillik pensiyam kəsilib, hara müraciət edirimsə, doğru-düzgün cavab vermirlər. Əlillərin Bərpa Mərkəzindən də həkim deyir bizlik deyil, nazirliyin qərarıdır”.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az