Azərbaycanda bələdiyyənin 10 vəzifəli şəxsi barəsində cinayət işi başlanılıb

tərəfindən Gozetci

Ədliyyə nazirinin müavini parlamentdə bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə təqdim edib

“Bələdiyyələrin fəaliyyətində aparılan araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilib. Hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilən materiallardan 10-u üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır”.

Milli Məclisdə təqdim edilən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə bu barədə məlumat verilib.

Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Barəsində cinayət işi başlanan bələdiyyələr Sabunçu rayonunun Ramana, Biləsuvarın Əliabad, Masallının Kolatan, Ucarın Qaracallı, Xaçmazın Qaraçaycek, Ağcabədinin Aran bələdiyyələrinin vəzifəli şəxsləridir.

Bakı şəhəri, Suraxanı rayonu Bülbülə, Qusarın Samur, İmişlinin Hacırüstəmli, Ağstafanın Dağ Kəsəmən, İsmayıllının Topçu, Daşkəsənin Qabaqtəpə, Sabirabadın Quruzma, Cəlilabadın Muğan, Beyləqanın Şəfəq və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanan sənədlər isə hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Sənəddə qeyd olunur ki, il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsinə əsasən bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 6 inzibati xəta protokoluna xitam verilib, 28 protokol isə baxılmaqdadır.

Nazirlik tərəfindən məhkəmələrdə bələdiyyələrə qarşı 15 iddia qaldırılıb

Sənədə əsasən, 2020-ci ildə Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılmaq üçün 79 858 akt təqdim olunub, onlardan 76 433 (95,7%) akt qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktların tələblərinə zidd olan 2 939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. “İl ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 503 müraciətə baxılıb ki, bu da əvvəlki illə müqayisədə 6% çoxdur. Təmin edilmiş müraciətlərin sayı 17% artıb və qanunvericiliyin tələblərinə zidd olan 328, ötən ildən 45% çox bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə təkliflər verilib”, – Vilayət Zahirov deyib.

Hesabata görə, il ərzində nazirlik tərəfindən verilən ümumilikdə 3 267 təklifdən 15-i bələdiyyələr tərəfindən təmin edilmədiyinə görə qanunvericiliyin tələbinə uyğun olaraq nazirlik tərəfindən məhkəmələrdə 15 iddia qaldırılıb, onlardan 2-si məhkəmə tərəfindən təmin edilib, 13-ü isə məhkəmələrin icraatındadır.

8,2 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə sahibliyinə qaytarılması təmin edilib

Həyata keçirilən inzibati tədbirlər nəticəsində ümumilikdə 10 min 478 hektar torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Sənəddə qeyd edilib ki, 396 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə isə 8 min 217 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 2 min 261 hektar torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.

Yerli özünüidarə orqanı olan bələdiyyələrin fəaliyyətlərində, qəbul etdikləri qərarlarında qanunvericiliyin tələblərinə əməl etmələri, qanun pozuntularına yol verildiyi halda onun qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə dövlət tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu məqsədlə Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzi fəaliyyət göstərir.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az