[:az]Tofiq Yaqublunun üzərində işgəncə izlərinin qaldığı bildirilir[:]

tərəfindən Gozetci

[:az]Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun üzərində hələ də işgəncə izlərinin qaldığı deyilir. Bu barədə oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində danışılıb.

Məhkəmədə T.Yaqublu haqqında 30 günlük həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

T.Yaqublunun vəkili Nemət Kərimli onun ekspertizadan keçirilməsi, üzərindəki xəsarət izləriylə bağlı rəy alınması barədə vəsatət qaldırıb. Vəkil deyir ki, Ali Məhkəmənin qərarı var, əgər hakim mühakimə etdiyi şəxsin üzərində xəsarət görürsə, şəxs özü də işgəncəyə məruz qaldığını bildirirsə, bu halda mütləq ekspertiza təyin etməlidir: «Təəssüf ki, Nəsimi rayon Məhkəməsinin hakimi bu məsələyə münasibət bildirməyib. Tofiq Yaqublunun bildirdiyinə görə, o, məhkəmədə məruz qaldığı işgəncələri danışıb. Amma məhkəmə qərarında bu barədə heç nə yoxdur».

İş ilkin instansiyaya qaytarılıb

T.Yaqublunun ona danışdıqlarına əsaslanan vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs üzərindəki xəsarətlərə görə Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. O, inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya gətirilərkən orada da müayinədən keçirilib. Vəkil məhkəmədən xahiş edib ki, hər iki quruma sorğu göndərilsin və müayinələrin nəticələri istənilsin.

Vəkil deyir ki, başqa bir qanun pozuntusu birinci instansiya məhkəməsindəki iclas protokolunun bu günə qədər nə T.Yaqubluya, nə də müdafiəçi kimi ona tanış olmağa verilməməsidir:

«Xahiş edirik, siz bizə iş materiallarındakı məhkəmə iclas protokolu ilə tanış olmağa şərait yaradasınız…».

Hakim Əflatun Qasımov vəkilin bu istəyi ilə razılaşıb və iş materiallarını ona təqdim edib. Təxminən 15 dəqiqə ərzində materiallarla tanış olan vəkil protokolların saxtalaşdırıldığını bildirib. Deyib ki, protokol məhkəmədə baş verənləri əks etdirmir. N.Kərimli bu barədə qeydlərini yazılı təqdim edib. Bununla əlaqədar apellyasiya məhkəməsi qərar verib ki, həmin qeydlər işlə birlikdə Nəsimi rayon Məhkəməsinə göndərilsin. T.Yaqublu haqqında qərar vermiş hakim vəkilin qeydlərinə münasibət bildirdikdən sonra bu işə apellyasiya məhkəməsində baxılacaq.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az