[:az]Təşkilatlar LGBTQİ icmasına çağırış etdi
Azərbaycanda yaşayan LGBTQİ üzvləri polisə dəvət edilib. Onlara pul qarşılığında aksiya edib, dövləti dəstəkləmək təklif olunub.
Bu barədə Azərbaycanın LGBTQİ icmasından Nəfəs LGBT Azərbaycan Alyansı və Minority Azərbaycan təşkilatı məlumat yayıb.
Həmin məlumatda deyilir ki, bir neçə trans və gey fərd 27 və 28 oktyabr tarixlərində Bakı şəhərinin müxtəlif polis bölmələrinə qeyri-formal görüşə çağırılıb. Görüş zamanı onlara ödəniş qarşılığında aksiya keçirmək, LGBTQİ icmasının polisin tərəfində olduğunu bəyan etmək, öz indiki vəziyyətlərindən məmnun olduqlarını bildirmək təklif olunub:
“Təklif edilən məbləğlər 100, 200, 300 manat civarında olub. Bu məlumatı bizlə paylaşan icma üzvləri bu cür mövzularda onların adının istifadə olunmasından narahat olduqlarını deyiblər. Təkliflər əsasən, 2017-ci il hadisələrində zərər çəkməyən, həmin dövrdə saxlanılmayan icma üzvlərinə edilib”.
Məlumatda o da bildirilir ki, oktyabrın 29-da “Azad Söz” “Youtube” kanalında yayımlanan canlı müsahibədə LGBTQİ icması üzvlərindən mitinqlərdə müxalifətə qarşı istifadə olunacaqları barədə məlumat verilib.
Təşkilatlar buna qarşı bəyanatla çıxış ediblər:
“Biz, Nəfəs LGBT Azərbaycan Alyansı, Minority Azərbaycan və Azad LGBT təşkilatları olaraq, ölkənin LGBTQİ icmasına çağırış edirik: Təklif olunan məbləğlərdən və s. asılı olmayaraq, bu cür məkrli oyunların bir hissəsi olmayın. Bu cür təxribatlar ilk növbədə LGBTQİ icmasının fiziki təhlükəsizliyini sual altında qoyur.
Sadalanan təşkilatlar olaraq, LGBTQİ icmasının çirkin planlarda istifadə olunmasını qəti şəkildə pisləyir və bütün icma üzvlərini kütləvi aksiyalar zamanı öz təhlükəsizliklərini qorumağa çağırırıq”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələyə mübasibət öyrənmək mümkün olmayıb.
Azərbaycanda 2017-ci ilin sentyabrında 83 nəfər LGBTQİ fərdi polisə aparılıb. Sonradan hüquq-mühafizə orqanları həbslərin fahişəliyə qarşı reydlərin nəticəsi olduğunu qeyd edib.
Saxlanılanlar hüquq-müdafiəçilərinə polis tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər. Beynəlxalq təşkilatların və ictimai fəalların reaksiyasından sonra saxlanılanlar sərbəst buraxılıblar.
Ancaq 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edən prezident İlham Əliyev norveçli xanım deputatın LGBTQİ ilə bağlı sualına belə cavab vermişdi:
“Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunub və heç bir məhdudiyyət yoxdur. Azadlıqlarla bağlı mövcud vəziyyət yəqin ki, sizin ölkənizdəki vəziyyətdən fərqlənmir”.
Meydan TV[:]