[:az]Gəncə şəhər sakini Sevinc Həsənova ünvanlı sosial yardım ala bilmədiyindən şikayətlənir. Həsənova Gözətçiyə açıqlamasında bildirib ki, ünvanlı sosial yardım almaq üçün sənədlərini VEMTAS sisteminə göndərib. Sənədlər səkkiz dəfə elektron qaydada göndərilib və hər dəfə də imtina cavabı gəlib. Səbəb kimi isə onun adına olan Goranboy rayonunda yerləşən torpağın sənədlərinin göstərilməməsi deyilib. Vətəndaş dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edib və ona bildirilib ki, həmin torpaq sahəsi onun adından çıxarılıb. Sevinc Həsənova həmçinin sözügedən idarənin Goranboy rayon şöbəsinə də müraciət edib və eyni cavabı alıb. Son olaraq o, rəsmi qaydada Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nəzdində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsə də, heç bir cavab ala bilməyib. Sevinc Həsənova dövlət qurumları arasında əlaqənin olmadığına görə əziyyət çəkdiyini və maddi sıxıntılar içərisində yaşamaq məcburiyətində qaldığını bildirir.[:]
83