[:az]Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğından bir ildən çox vaxt keçir. Hələ də bu iş üzrə araşdırmalar yekunlaşmayıb. Mərkəzi yandırmaqda suçlanan 65 yaşlı Məhəmməd Məmmədov yarım ildən çoxdur davam edən məhkəmə prosesinin, az qala, hər iclasında deyir ki, günahsızdır, polislər onun kimsəsizliyindən istifadə edib, işgəncə altında onu etirafedici ifadəyə imza atmağa məcbur ediblər.
Bu hadisədə ölənlərin hüquqi varisləri, hadisə vaxtı xəsarət alan, tüstüdən zəhərlənən zərərçəkənlər, şahidlərin də hamısı dindirilib. Artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Hazırda məhkəmə tərəflərin məhkəmədə dindirilməsini istədiyi əlavə şahidləri çağırıb dindirir.
Təqsirləndirilən M.Məmmədov deyirdi ki, yanğının onun saxlandığı 14-cü palatadan başlanması barədə deyilənlər yalandır, hadisənin əvvəlində özünü yetirib, alovu söndürməyə çalışan şəxslər də bunu təsdiqləyə bilər. Ona görə də M.Məmmədovun vəkili hadisə vaxtı Mərkəzdə müalicə alan, yanğının ilk şahidlərindən olan Nail Talıbovun məhkəmədə əlavə şahid qismində dindirilməsini istəmişdi. Martın 12-də o, dindirilib.
N.Talıbov təsdiqləyib ki, yanğını M.Məmmədovun qaldığı otaqda yox, 15-ci palatada görüb: «Səhər tezdən tualetdən qayıdırdım, gördüm qışqırıq gəlir: «kömək eləyin!». Qışqırıq 15-ci palatadan gəlirdi, qapısı da açıq idi. İçəri girəndə gördüm ki, çarpayının üstündəki yorğan yanır, orada yatan xəstə Mahir onu söndürməyə çalışır. Qaldıranda gördüm ki, döşək də tüstülənir. Bizim palatada təxminən 5 litrlik qabda su vardı, qaçıb onu gətirməyə getdim. Qayıdana qədər alov bir az da artmışdı».
Ehtimallardan biri budur ki, yanğın M.Məmmədovun qaldığı 14-cü palatada başlayıb, divardan 15-ci palataya keçə bilərdi. Ona görə N.Talıbovdan soruşublar ki, həmin vaxt o, divarın yandığını görübmü? O, «yox» cavabı verib.
«Hamısı məsuliyyətdən yayınmaq üçün uydurmadır. Divar kartondan deyildi ki, dərhal keçsin. Yanğın bizim otaqdan o biri palataya keçənə qədər gərək mənim yanımdakı xəstə kül olaydı. Mənim boynuma yıxmaq üçün uydurublar onu…», – təqsirləndirilən M.Məmmədov belə deyib.
Hadisədən sonra öncə Xətai Rayon Polis İdarəsində, daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını bir daha təkrarlayan M.Məmmədov onu döyən polislərin məhkəmədə dindirilməsini istəyib.
Hakim Azər Paşayev proses iştirakçılarına məlumat verib ki, təqsirləndirilən M.Məmmədovun hələ məhkəmənin əvvəlindən işgəncə barədə şikayətlərindən sonra məsələ ilə əlaqədar həm Baş Prokurorluğa, həm də Bakı Şəhər Prokurorluğuna məktub göndərib. Hakim prokurorluqdan məhkəməyə gələn cavabı da elan edib. Orada yazılıb ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə M.Məmmədovun gətirilməsi, orada saxlanmasında iştirak edən polislər çağrılıb dindirilib: «Araşdırmalar zamanı Məhəmməd Məmmədovun göstərdiyi xüsusatlar təsdiqini tapmayıb. Ona görə də 12 oktyabr 2018-ci il tarixli qərarla Məhəmməd Məmmədovun şikayəti üzrə cinayət işi başlanması rədd edilib».
M.Məmmədovun vəkili yanğınla bağlı rəy vermiş ekspertin də məhkəmədə dindirilməsini istəyib: «Rəydə yanğının mənbəyi kimi 14-cü palata, amma yanğına səbəb ola biləcək əşyaların 15-ci palatada olduğu yazılıb. Bu nə deməkdir?».
Məhkəmə vəsatəti təmin edib. Martın 19-da məhkəmədə ekspert dindiriləcək.
Xatırlatma
Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu.
İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.
Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
64 yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A.Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.
İttihamlar təsdiqini tapsa, M.Məmmədov ömürlük azadlıqdan məhrum edilə bilər.
AZADLIQ RADİOSU[:]