[:az]Praktik hüquqşünasların şikayəti Ali Məhkəmədə[:]

tərəfindən Gozetci

[:az]Bir qrup praktik hüquqşünasın Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) iddiasına Ali Məhkəmədə baxılacaq.

Bu haqda «Turan» agentliyinə iddiaçılardan hüquqşünas Samirə Ağayeva məlumat verib.

Keçən il noyabrın 18-də hüquqşünaslar Bakıda mitinq keçirmək istəsə də, şəhər rəhbərliyi aksiyanın keçirilməsinə icazə verməmişdi.

Hüquqşünaslar əvvəlcə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, BŞİH-nin qərarının qanunsuz sayılmasını istəmişdi. Ancaq məhkəmə iddianı mümkünsüz saymışdı. Sonra Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamışdı.

S.Ağayevanın deməsinə görə, aşağı məhkəmə qərarlarından verdikləri kassasiya şikayəti Ali Məhkəmədə icraata götürülüb.

«Şikayət hakim Rahib Nəbizadənin icraatına verilib. Kassasiya şikayəti üzrə məhkəmə baxışı iyunun 28-nə təyin edilib», – o, bildirib.

Kassasiya şikayətində hüquqşünasların iddiası üzrə aşağı məhkəmələrin çıxardığı qərarların ləğv edilməsi, onların hüquqlarının pozulmasının tanınması istənilir.

Bakı Şəhər İcra Hakimiyyətini hüquqşünaslar Xalid Bağırov, Namizəd Səfərov və Samirə Ağayeva məhkəməyə verib.

Praktik Hüquqşünaslar Qrupu (PHQ) ötən il vəkilliklə bağlı qanunvericiliyə edilən dəyişikliyə etiraz olaraq mitinq keçirmək istəyirdi. Söhbət nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsinə qoyulan qadağadan gedir.

Hüquqşünaslar mitinq istəkləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Ancaq paytaxt rəhbərliyi noyabrın 15-də onlara razılıq verməmişdi. Hüquqşünasların bildirməsinə görə, BŞİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov onlara cavab olaraq yazıb ki, həmin dəyişiklikləri artıq ölkə başçısı imzalayıb, ona görə də mitinqin keçirilməsi məqsədəuyğun sayılmır.

Hüquqşünasların şikayətinə ayrılıqda BŞİH-dən münasibət almaq mümkün olmayıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az