[:az]Fərman Ceyranlı azadlıq istəyir[:]

tərəfindən Gozetci

[:az]Bu gün, mayın 15-də Gürcüstan Apellyasiya Məhkəməsində bu ölkədə həbsdə olan cərrah, “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlının məhkəməsi davam etdirilib. Prosesdə Ceyranlının və dövlət ittihamçısının çıxışları dinlənib.

Bu haqda AzadlıqRadiosuna cərrahın qızı Lalə Hüseynli məlumat verib.

Qızının bildirdiyinə görə, atası çıxışında ona qarşı irəli sürülmüş, birinci məhkəmə instansiyasının da təsdiqlədiyi ittihamı təkzib edib. Deyib ki, cinayət işində qeyd olunan əməllərə görə, o, heç bir məsuliyyəti daşımır.

Lalə Hüseynlinin habelə vurğulamasına görə, atası məhkəmədən barəsində çıxarılmış hökmün ləğv edilməsini istəyib.

Onun deməsinə görə, prokuror çıxışında bildirib ki, Ceyranlı barəsində Tbilisi Şəhər Məhkəməsinin çıxardığı hökm ədalətli olub. Onun məhkəmədən həmin hökmün qüvvədə saxlanmasını istədiyi bildirilir.

Lalə Hüseynlinin bunu da bildirib ki, proses mayın 24-də davam etdiriləcək. Həmin gün məhkəmə qərarının elan ediləcəyi gözlənilir.

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib.

1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedərək “Lancet” klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.

Fərman Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.

Fərman Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib.

Cərrahın bu açıqlamasına nə Azərbaycanın Prezident Administrasiyasından, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.

Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, Fərman Ceyranlının siyasi baxışlarına görə, həbs edildiyini deməsinin heç bir əsası yoxdur.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az