[:az]’Müsavatın 20-dək şöbə sədri polisə çağrılıb'[:]

tərəfindən Gozetci

[:az]Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da polis bölməsində hədələndiyini bildirir. G.Aslanlının AzadlıqRadiosuna deməsinə görə, o, dünən martın 6-da polisdə olub:

«Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində oldum. Belə demək mümkünsə, daha çox hədə-qorxu, təhdid idi. Mənə deyirdilər ki, partiyanın haradan maliyyələşdiyini bilirlər. Mən də deyirdim ki, bilirsinizsə, faktları qoyun ortaya. Belə bir dialoq yaşandı. Bölmədə qalmağım haradasa yarım saata qədər davam etdi».

G.Aslanlı deyib ki, martın 6-sı axşama qədər partiyanın 20-yə qədər rayon şöbəsinin sədrini polisə çağırıblar. Mərkəzi İcra Aparatı rəhbərinin bildirməsinə görə, onlar bölmələrdə hədələnərək sərbəst buraxılıblar.

G.Aslanlı deyib ki, bu gün, martın 7-də Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbasov da polisə çağrılıb.

Bütün bu deyilənlərə hələlik Daxili İşlər Nazirliyindən hər hansı münasibət almaq mümkün olmayıb.

Dünən Müsavat Partiyası mətbuat xidmətinin və Bastainfo saytının rəhbəri Mustafa Hacıbəyli də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılaraq hədələndiyini açıqlamışdı. M.Hacıbəylinin bildirməsinə görə, ona əvvəlcə mitinqlə bağlı sual veriblər, sonra isə başqa məsələlərdə günahlandırıblar:

«Ərazidə oğruluqlar olduğunu deyib, mənim bu barədə məlumatlı olub-olmadığımı soruşdular. Sonra yenidən rəis müavinin otağına apardılar. Orda məni oğurluqlara rəhbərlik eləməkdə ittiham etdilər, təhqirə və təhdidə başladılar. Vəkil tələb etdikdə, söyüş söydülər…».

M.Hacıbəylinin bu dediklərinə də hələlik nə polis bölməsindən, nə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olub.

Milli Şura və Müsavat Partiyası birgə aksiya keçirmək qərarına gəliblər. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müracıət edilib və aksiyada «Talana yox», «Monarxiyaya son» və sair şüarların səsləndiriləcəyi açıqlanıb.

Milli Şuranın bundan öncəki aksiyaları ərəfəsində də onlarla müxalif fəalların polisə çağırıldığı bildirilirdi. Hətta bəzi fəallara polisə müqavimət ittihamı ilə sutkalıq inzibati həbslər də verilmişdi.

Müxalifət baş verənləri hakimiyyətin aksiyaların kütləvi olacağından çəkinməsi kimi izah edirdi. Hakimiyyəti müdafiə edənlər isə deyirdilər ki, müxalifət belə fikirləri səsləndirməklə aksiyalara az adamların qatılmasına don geydirməyə çalışır.

Dövlət başçısı İ.Əliyev fevralın 5-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam verib. Seçkilər bu il aprelin 11-nə təyin edilib.

15-ə yaxın şəxs prezidentliyə namizədliyini irəli sürüb. Onlardan indiyə kimi yalnız hazırkı dövlət başçısı İ.Əliyevin namizədliyi qeydə alınıb.

Bəzi müxalif qüvvələr Milli Şura, Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) seçkilərin antidemokratik şəraitdə keçirildiyini bildirirlər və onun boykot edilməsi ilə bağlı qərar veriblər.

Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib. Prezident bir neçə dəfə ölkədə sərbəst toplaşmaq azadlığının da qorunduğunu bəyan edib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az