Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Elnarə Qasımova
“AbzasMedia” nəşrinin həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamovanın aclıq aksiyasına görə Bakı İstintaq Təcridxanasında qeyri-insani münasibətlə üzləşdikləri bildirilir.
Bu barədə jurnalistlərin yaxınları məlumat verib.
“AbzasMedia”nın həbsdəki direktoru Ülvi Həsənli iyulun 20-də yenidən aclıq aksiyasına başladığını açıqladıqdan sonra nəşrin əməkdaşı Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamova da iyulun 22-də ona qoşulduqlarını bildiriblər.
“Səbəb Ülvi Həsənlinin qanunsuz olaraq Umbakıya köçürülməsi və öncəki aclıq aksiyasında ona bir həftəyə Bakı İstintaq Təcridxanasına köçürüləcəyi ilə bağlı verilən vədin yerinə yetirilməməsidir”, – jurnalistlər yaxınlarına bildirib.
“22 iyulda bizi rəis Elnur İsmayılovun qəbuluna aparmaq adı ilə otaqlarımızdan çıxardılar. Onun müavini Əhəd Abdıyevin otağında saat yarım gözləyəndən sonra dedilər ki, Penitensiar Xidmətdən nümayəndələr gəlmişdilər, sizinlə görüşmək istəyirdilər, amma fikirlərini dəyişib getdilər”, – jurnalistlər əlavə ediblər.
Onlar daha sonra öz otaqlarından çıxarılıb ayrı otaqlarda yerləşdirildiklərini və hazırda hər birinin tək saxlandıqlarını deyiblər.
“Üçümüzün də otağında duş sistemi yoxdur, pəncərənin şüşələri çıxarılmayıb, normal havalandırma yoxdur. Otaqların hamısı natəmizdir və otaq yoldaşlarımıza da icazə vermədilər ki, otaqları təmizləmədə bizə kömək etsinlər”, – jurnalistlər deyib.
Bildirilib ki, N.Absalamova öz otağından çıxmaq istəmədiyi üçün rəis müavini Ə.Abdıyevin zorakılığına məruz qalıb.
Bu məlumatlara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan da münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, bildirilir ki, onlar məhbuslarla qanun çərçivəsində davranırlar.