“Amnesty International” təşkilatı Azərbaycan hakimiyyətini müxalif siyasətçi Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməyə, fəallara qarşı “amansız təqiblərə” son qoymağa çağırıb.
“Tofiq Yaqublunun məhkum olunması Azərbaycanda hökuməti tənqid etməyə cəsarət edənləri susdurmaq üçün davam edən kampaniyanın daha bir acınacaqlı mərhələsidir”, – “Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib.
Strazers Yaqublunun siyasi motivli ittihamlarla mühakiməsinin ədalətli məhkəmə prosesi ilə bağlı narahatlıqlarla yadda qaldığını əlavə edib.
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
2023-cü ilin dekabrın 14-də həbs edilən müxalif siyasətçi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (saxta sənəd hazırlama, istifadə etmə) olunurdu.
O, məhkəmədə son sözündə qeyd edib ki, həbsinin səbəbi siyasi fəaliyyəti ilə bağlıdır.
“Məqsədləri çox aydın və sadədir. Siyasi fəaliyyətimdən əl çəkməyimi və bu oğru, cinayətkar və qeyri-legitim hakimiyyəti ifşa etməyi dayandırmağımı istəyirlər. Dayandırmayacam!”, Yaqublu deyib.
Yaqublunun həbsi Azərbaycanda 2023-cü ilin sonundan başlayaraq çoxsaylı jurnalistlərin və fəalların həbsləri fonunda baş verib. Yerli və beynəlxalq insan hüquqları təşkilatları bu təqibləri “misli görünməmiş repressiya” kimi xarakterizə edib.
“Bu, təcrid olunmuş hal deyil, Azərbaycanda siyasi müxalifətə, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı sistematik təzyiqlərin bir hissəsidir. Ölkə hakimiyyəti dərhal və qeyd-şərtsiz Tofiq Yaqublunu azad etməli və dinc fəallara qarşı amansız təqiblərə son qoymalıdır”, Mari Strazers bildirib.
“Amnesty International” vurğulayıb ki, geosiyasi və iqtisadi maraqlar naminə Azərbaycanın repressiyalarına uzun müddətdir dözümlülk göstərən beynəlxalq ictimaiyyət bu insan hüquqları pozuntularına qarşı qəti və prinsipial mövqe nümayiş etdirməlidir.
Tofiq Yaqublu bundan əvvəl 2020-ci ilin martında saxlanılıb, sentyabr ayında cinayət ittihamı ilə dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib. Yaqublu bu qərarla bağlı aclıq aksiyasına başlayıb və sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirərək onu ev dustaqlığına buraxıb.
Dəfələrlə inzibati həbs cəzalarına məhkum edilən Tofiq Yaqublu, həmçinin 2013-cü ildə İsmayıllı hadisələrindən bir gün sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bügünədək Yaqublunun şikayətləri üzrə müxtəlif illərdə çıxardığı bir neçə qərarında onun azadlıqdan məhrum edilməsini qanunsuz hesab edib, siyasətçiyə münasibətdə ədalətli məhkəmə hüququnun pozuntusunu tanıyıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Ancaq yerli hüquq müdafiə təşkilatları hazırda siyasi motivli əsaslarla həbsdə edilən 350-dən artıq şəxsin olduğunu vurğulayır.
Amerikanın Səsi