Əkrəm Şabi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin üzvü Əkrəm Şabi fevralın 21-də polisin qanuni əmrinə tabe olmamaq maddəsi ilə 30 sutkalıq inzibati qaydada həbs edilib.
AXCP sədri Əli Kərimlinin Facebook səhifəsində yazdığına görə, Əkrəm Şabi son 3 ayda inzibati qaydada həbs olunmuş 11-ci AXCP fəalıdır. “Bütövlükdə isə son illərdə 50 nəfərə qədər AXCP fəalı cinayət ittihamı ilə həbs edilmiş, daha 300 nəfərə yaxın AXCP üzvü isə inzibati qaydada həbs edilmişdir. Hakimiyyət AXCP qurultayının keçirilməsinə də imkan vermir,” o bildirib.
Facebook statusunda son günlərdə olan siyasi xəbərlərə, o cümlədən jurnalist Nurlan Librenin həbsi və sülh aktivisti Bəhruz Səmədovun həbsdə aclığa başlamasına yer verən Kərimli beynəlxalq ictimaiyyətə və Azərbaycan xalqına çağırış edib.
“Biz başa düşürük ki, hazırda Ukrayna ətrafında baş verənlər beynəlxalq demokratik ictimaiyyətin başını qatıb, ancaq hesab edirəm ki, beynəlxalq ictimaiyyət mütləq Azərbaycandakı repressiyaları da görməli və Azərbaycan cəmiyyətinə divan tutulmasına etiraz etməlidir. Xalqımız bu sərt repressiyalara etiraz etmək, İlham Əliyevin avtoritar siyasətilə barışmadığını ifadə etmək üçün hazırda əlimizdə olan sonuncu vasitədən – sosial şəbəkələrin imkanından daha yaxşı istifadə etməli, ruhdan düşməməli, bütün vasitələrlə dinc etirazını ifadə etməlidir,” o yazıb.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Bunların 32 nəfərini müxalifət partiyaları və hərəkatlarının üzvləri təşkil edir.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Amerikanın Səsi