Jurnalistlər Fərid İsmayılov və Natiq Cavadlı ev dustaqlığına buraxılmayıb

tərəfindən Gozetci

Fərid İsmayılov və Natiq Cavadlı

 

Fevralın 25-də həbsdə olan jurnalistlər Fərid İsmayılov və Natiq Cavadlının ev dustaqlığına buraxılma vəsatətləri üzrə məhkəmə iclasları keçirilib. Məhkəmə heç bir jurnalistin vəsatətini təmin etməyib.

Toplum TV-nin əməkdaşı Fərid İsmayılovun Xətai Rayon Məhkəməsində baş tutan məhkəmə prosesində vəkil Zibeydə Sadıqova gənc jurnalistin səhhətində problemlər olduğunu və yeddi dəfə əməliyyat olunduğunu bildirib.

“Fərid bir ayda iki dəfə xəstələnib və yüksək hərarəti olub. Buna baxmayaraq, həkim nəzarətindən kənarda qalıb və onunla maraqlanan olmayıb”, Sadıqova Amerikanın Səsinə deyib.

Vəkilin qeyd etdiyinə görə, İsmayılov məhkəmədə çıxış edib və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırıb.

“İstintaq yekunlaşıb və cinayət işinin materialları ilə artıq vəkillər tanış olmağa başlayıb. Ona görə də Fəridin həbsdə qalmasına zərurət yoxdur”, Sadıqova bildirib.

“Toplum TV işi” üzrə 2023-cü ilin martında saxlanılan Fərid İsmayılov sonradan polis nəzarətinə verilsə də, bu il yanvarın 17-də Xətai Rayon Məhkəməsi qərarı dəyişərək onun haqqında 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. “Toplum TV işi“ üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlara qarşı əvvəlcə qaçaqmalçılıq ittihamı irəli sürülsə də, sonradan qanunsuz sahibkarlıq, vergidən yayınma və başqa ittihamlar işə əlavə olunub.

Eyni gündə Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalist Natiq Cavadlının da ev dustaqlığına buraxılması haqda vəsatətinə baxılıb. Vəkil Zibeydə Sadıqova məhkəməyə Cavadlının övladlarının yetkinlik ərəfəsində olduğunu və atalarının qayğısına ehtiyacları olduğunu, həmçinin himayəsində yaşlı anasının olduğunu çatdırıb. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib. Cavadlı da çıxışında həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

“Meydan TV işi” üzrə ümumilikdə 7 nəfər qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Onların 27 nəfərini jurnalistlər və bloqerlər təşkil edir.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az