Məhkəmə AXCP fəalını həbsdə saxlayıb, Salayev 13 gündür aclıq edir

tərəfindən Gozetci

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi hakim Cavid Hüseynin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin apellyasiya şikayətini təmin etməyib. Məhkəmə siyasi fəalı həbsdə saxlayıb.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib ki, məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək.

Onun sözlərinə görə, Zamin Salayev 13 gündür aclıq edir.

“Zamin Hacıyev məhkəmədə bildirdi ki, ona qarşı irəli sürülən ittiham tam yalandır. Onu şərləyiblər. Salayev heç kimə hücum etməyib, əksinə özü hücuma məruz qalıb. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər onu təhqir edərək əlində bıçaq üstünə cumub. Bu zaman o özünü müdafiə edib. Bir neçə dəqiqədən sonra polislər artıq Zamin bəyi saxlayıb”, vəkil qeyd edib.

O Zamin Salayevə istinadən deyib: “Mən aclığı ölənədək davam etdirəcəm. Ya həbsdən azadlığa çıxacam, ya da ölüb çıxacam”, o məhkəmə heyətinin diqqətinə çatdırıb. 

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev barədə üç ay həbs qətimkan tədbiri seçib.

Zamin Salayevə qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqablıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

“Fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini Natiq Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini Zamin (Əlzamin) Salayev saxlanılıb”, Mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Bu il Zamin Salayev daxil olmaqla AXCP-nin artıq beş fəalı saxlanılıb. Salayevdən əvvəl saxlanılan AXCP fəalları inzibati qaydada 30 sutka həbsə məhkum edilib.

Zamin Salayev bu ilin yanvarında həbsdə olan Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin, həmçinin bütün siyasi məhbusların azadlığa buraxılması tələbi ilə keçirilən aclıq aksiyasına qoşulub, on gündən çox aclıq edib.

Zamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb. 2022-ci il yanvarın 19-da Milli Məclisin amnistiya aktına uyğun olaraq azadlığa buraxılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yayıb. Həmin videoda AXCP fəalı Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib. Video yayılandan sonra Salayev inzibati qaydada 30 sutka həbs olunub. Bundan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib və məhkəmə fəalı həbsə məhkum edib.

AXCP fəalı 2022-ci il iyulun 7-də isə Salyan rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məclləsinin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinirək 30 sutka inzibati həbsə məhkum edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az