İctimai fəal məhkəmədə özünə xəsarət yetirib

tərəfindən Gozetci

Nicat İbrahim

 

İctimai fəal Nicat İbrahim məhkəmədə özünə xəsarət yetirib. Bu olay yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb.

Dörd aydan çoxdur həbsdə olan ictimai fəalın işinə indi həmin məhkəmədə baxılır. Yanvarın 13-də məhkəmənin hazırlıq iclasında N.İbrahimin vəkili Zibeydə Sadıqova hökm çıxarılanadək müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil deyib ki, Nicat İbrahimin ittiham olunduğu cinayəti törətməməsi bir yana, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir qanuni əsas yoxdur. Üstəlik, ailə durumu da ağırdır. Həyat yoldaşı və uşaqları ölkədə yoxdur, yanına təcridxanaya sovqat gətirən yaşlı anası da Laçın rayonundan gəlib-gedir.

Vəkilinin vəsatətinə münasibət bildirən Nicat İbrahim vurğulayıb ki, heç bir cinayət törətmədiyi halda, 4 aydan çoxdur həbsdə saxlanılır:

“Burada mən olmamalıyam, məni şərləyənlər oturmalıdır…”, – bunu deyərək əsəbiləşən Nicat İbrahim başını məhkəmə zalında saxlandığı şüşə kabinəyə çırpıb. Nəticədə o, baş nahiyəsindən ciddi xəsarət alıb və dərhal tibbi yardım göstərilməkdən ötrü məhkəmə zalından çıxarılıb.

Onun məhkəməsi yanvarın 21-nə saxlanılıb.

Xatırlatma

Nicat İbrahim ötən ilin sentyabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb. O, Bəhmən Əliyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə suçlanır.

Nicat İbrahim özünü təqsirli bilmir, bu şəxsi heç tanımadığını deyir. O bildirir ki, dayandığı yerdə bir nəfər ona hücum edib, ardından yerə yıxılaraq qışqırıb və bıçaqlandığını deyib. İctimai fəal və vəkili həmin ərazidəki kamera görüntülərini tələb etsə də, o görüntülər gətirilməyib.

Həbsindən bir həftə öncə N.İbrahim ailəsilə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb.

AzadlıqRadiosu 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az