Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edildi

tərəfindən Gozetci

Bəxtiyar Hacıyev

 

Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Məhkəmə həmçinin onun mənzilinin və bank hesablarındakı pulunun müsadirə edilməsi, həmçinin onun azad edildikdən sonra 1 il ərzində təlim-tərbiyə işləri ilə məşğul olmasının qadağan edilməsi haqqında qərar verib.

Hacıyev hökmü siyasi motivli adlandırıb. Ona qarşı irəli sürülmüş bütün ittihamlar hüquqi olaraq təkzib edilib. Xuliqanlıq ittihamlarına gəlincə, onlar “hakimiyyətdəki kuratorlarının” əmrini yerinə yetirən Ülviyyə Alovlunun şikayəti əsasında saxtalaşdırılıb.

Hacıyev bütün digər iqtisadi ittihamları absurd adlandırıb. Bu ittihamlar guya onun Qərb təşkilatlarından qrant alması və Azərbaycanda dövlət çevrilişi törətməyi planlaşdırması haqqında anonim elektron məktub əsasında irəli sürülüb.

Hacıyev bu ittihamları “tamamilə uydurma” adlandırıb. Fəal həbsinin əsl səbəbinin Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyaların tətbiq edilməsinə yönəlmiş fəal işi olduğunu hesab edir.

O, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşına qarşı ünvanlı sanksiyalar tətbiq edildikdən dərhal sonra həbs olunub.

Hacıyev ailəsinə, jurnalistlərə (xüsusilə həbs edilmiş jurnalistlərə), həmçinin beynəlxalq qurumlara – ABŞ Dövlət Departamentinə, Konqresə, Aİ-yə, AŞPA-ya, Avropa Şurasına, Avropa Parlamentinə minnətdarlığını bildirib.

Eyni zamanda, o, sonradan özü də həbs edilən Rüfət Səfərovun onun müdafiəsinə verdiyi töhfəni xüsusi olaraq qeyd edib.

“Rüfət Səfərov son ana qədər insan hüquqlarını müdafiə edirdi. O, vəzifə və imtiyazların deyil, vicdanlı işin və insan hüquqlarının müdafiəsinin əsas olduğunu göstərib”, deyə Hacıyev qeyd edib.

* Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə ittihamları irəli sürülüb.

Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Hacıyev özü və həmkarları prosesi Azərbaycan DİN-i və şəxsən nazir Vilayət Eyvazovu kəskin tənqid etdiyinə görə siyasi sifariş hesab edir.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az