Nəsimi Məmmədli: Ələsgər Məmmədlinin gözündə qanaxma olub

tərəfindən Gozetci

Ələsgər Məmmədli

“Məhkəmədən sonra yenidən təcridxanaya qaytarılan Ələsgər bəylə telefonla danışdım. Özü bildirdi ki, məhkəmə prosesi başlayana qədər onu qolları qandallı halda məhkəmə binasında bir otaqda saatlarla gözlədiblər”.

Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə oktybrın 3-də onunla telefon danışığından sonra bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədli bir neçə gündür baş ağrısından əziyyət çəkib.

“Ağrıları azaltmaq üçün ağrıkəsici dərmanlardan istifadə etdiyini bildirdi”, o qeyd edib.

Qardaşının sözlərinə görə, oktyabrın 3-də məhkəmədə “konvoylar” tərəfindən pis rəftarla üzləşib.

“Üzləşdiyi pis rəftara görə qan təzyiqinin kəskin qalxması nəticəsində gözdaxili qanaxma baş verib. Gözlərindəki kiçik damarların partlaması nəticəsində subkonyunktival qansızma baş verib. Gözün ağ hissəsi tamamilə qanla örtülüb. Hazırda görməsində müəyyən problem yaranıb. Təcridxanada daimi göz həkimi olmadığına görə müayinə olunması mümkün deyil”, o əlavə edib.

Nəsimi Məmmədli qeyd edib ki, qardaşı Ələsgər Məmmədli heç bir dəlil-sübut olmadan 7 aydır həbsdə saxlanılır.

“O dedi ki, bu açıq-aşkar bir hüquq terrorudur. Mən hüquq terroruna məruz qalmışam. Qanunlara və hüquqa bu qədər etinasız, saymazyana münasibət dəhşətlidir. Məni girovluqdan azad edin. Ələsgər bəy qalxanabənzər vəzindəki böyümüş şişdən əziyyət çəkir. Rahat nəfəs almasında problemi var. Mütləq cərrahi əməliyyat olunmalıdır. Bununla yanaşı digər orqanlarında da təcili müalicəyə ehtiyac var. Xüsusilə də böyrəyində yaranmış daşlar arabir küt ağrılara səbəb olur. Məhkəmənin hakimi pis rəftara görə “konvoylara” şifahi irad bildirsə də, hər hansı qərar qəbul etməyib. Məhkəmə bildirib ki, səhhətindəki problemlərə görə müalicə almaq üçün məhkəməyə əlavə müraciət olunması lazımdır”, Nəsimi Məmmədli əlavə edib.

Öz növbəsində vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib ki, Ələsgər Məmmədlinin səhhəti pisləşməyə doğru gedir.

“Hər dəfə müalicə müəssisəsinə müayinə üçün aparılanda çətinlik çəkir, bu da onun səhhətinə təsir edir. Problemlər əvvəlki kimi qalır”, vəkil bildirib.

Penitensiar Xidmət Məmmədlinin səhhəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Oktyabrın 3-də Xətai rayon məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini daha 3 uzadıb.

Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az