Əziz Orucov və Şamo Eminov barəsində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb

tərəfindən Gozetci

Əziz Orucov və Şamo Eminov

Sentyabrın 19-da Səbail Rayon Məhkəməsi “Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun və onun əməkdaşı Şamo Eminovun həbs qətimkan tədbirini daha 3 ay uzadıb. Bu barədə Amerikanın Səsinə vəkil Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, həbs müddətinin uzadılması istintaqın göndərilmiş sorğulara cavab alması zərurəti ilə əsaslandırılıb.

Müdafiə tərəfi jurnalistlərin həbsdə saxlanılmasını əsassız hesab edir.

Vəkil qeyd edir ki, Orucov səhhətindəki problemlərlə əlaqədar hələ də Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov isə ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az