Anar Məmmədlinin apellyasiya şikayəti təmin edilmədi

tərəfindən Gozetci

Anar Məmmədli

Noyabrın 1-də Bakı Apellyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin mülki xəstəxanada müayinə olunması ilə bağlı məhkəmə nəzarəti qaydasında verilən şikayəti təmin edilməyib.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, şikayət Xətai rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır.

Vəkil qeyd edir ki, Anar Məmmədli məhkəmə iclasında iştirak edib.

“O bildirdi ki, ağrıdan dayana bilmir, səhhətində ciddi problemləri vardır. Adekvat müayinə və müalicə almır. Hətta konvoy taborundan onu mümkün qədər tez Bakı İstintaq Təcridxanasına qaytarılmasını xahiş etdi”, o qeyd edib.

Cavad Cavadov Azərbaycan Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən onun özəl klinikada müayinə məsələsinin tezliklə həll ediləcəyinə ümid etdiyini bildirib.

Öz növbəsində, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Anar Məmmədlinin vəkilinin dediklərinə hələ münasibət bildirməyib.

Ombudsman Aparatı isə Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun həkim üzvünün də iştirakı ilə Anar Məmmədli oktyabrın 11-də saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında konfidensial qaydada qəbul edilmiş, müraciətləri dinlənilmişdir. Onun saxlanma şəraiti ilə bağlı müraciətləri dərhal müəssisə rəhbərliyinin diqqətinə çatdırılmış və yerində təmin edilmişdir.

“Eyni zamanda Anar Məmmədlinin səhhəti ilə bağlı mediada yayılmış məlumatlar araşdırılmış, oktyabrın 17-də o, Bakı İstintaq Təcridxanasının Tibb Sanitariya Hissəsinin baş həkimi tərəfindən də qəbul edilmişdir. Anar Məmmədli zəruri tibbi müayinələrdən keçirilmiş, analizlər götürülmüşdür.

Həmçinin vəkil Cavad Cavadovun Ombudsmana ünvanlanmış ərizəsi üzrə Anar Məmmədlinin səhhəti ilə bağlı və özünün seçdiyi özəl klinikada müayinəsinin aparılmasının təmin edilməsi məsələsi də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi qarşısında qaldırılmışdır.

Anar Məmmədlinin hüquqlarının təmini məsələsi Ombudsmanın diqqətindədir, səlahiyyətlərimiz çərçivəsində onun hüquqlarının müdafiəsi istiqamətində addımlar atılır”, Ombudsman Aparatının cavabında qeyd edilir.

Hüquq müdafiəçisi Anar Məmmədlinin hüquqlarının müdafiəsi ilə bağlı kampaniyanı aparanlar da onun təcridxanada səhhətinin pisləşməsindən narahatdır.

Müəlliflər Azərbaycan Respublikası hökumətini, xüsusən də Azərbaycan Ədliyyə Nazirliyinin Tibb İdarəsini Anar Məmmədlinin həbsdə olarkən adekvat tibbi müayinədən keçmək hüququnu yerinə yetirməyə çağırır.

Anar Məmmədli aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Azərbaycanlı rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.

O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

Amerkanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az