Həbsdə olan ictimai fəal Nicat İbrahimin səhhəti ağırlaşıb

tərəfindən Gozetci

Nicat İbrahim

Həbsdə olan ictimai fəal Nicat İbrahimin səhhətindəki problemlər daha da ağırlaşıb. Həkimlər Nicata deyib ki, onun vəziyyəti yaxşı deyil, həyatı üçün risklər var. Onun boğazının kəsilmiş nahiyyəsi həyatı üçün hər an risk mənbəyidir.

Bu barədə Nicat İbrahimlə telefon danışığından sonra noyabrın 1-də onun Moldovada yaşayan həyat yoldaşı Pərvin İbrahim Amerikanın Səsinə deyib.

Sentyabrın 6-da Nicat İbrahimi Bakı Beynəlxalq Hava Limanının sərhəd keçid məntəqəsindən buraxmayıblar. Ona bildiriblər ki, Daxili İşlər Nazirliyi ölkədən xaricə çıxışına qadağa qoyub. Onun həyat yoldaşı və iki uşağı sərhəd keçid məntəqəsini keçərək Kişinyova gedib.

Bundan sonra Nicat İbrahim Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edərək bildirib ki, məhkəmənin onun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi barədə qərarı var.

“Əgər onun ölkədən çıxışına qoyulmuş qadağa götürülməsə, Daxili İşlər Nazirliyinin binası qarşısında özünü yandıracaq. Bundan sonra o, sentyabrın 9-da yanacaqdoldurma məntəqəsində olanda bir nəfər onu vurub. Nicat yıxılıb. Dərhal polislər onun gözünü bağlayaraq saxlayıblar”, vəkil Zibeydə Sadıqova bildirib.

Sentyabrın 9-da Nicat İbrahim Nəsimi Rayon Polis İdarəsində ittihamı qəbul etmədiyi üçün fiziki zorakılığa məruz qalıb.

“O, etiraz olaraq polis idarəsində stolun üzərində olan kağız kəsmək üçün istifadə edilən alətlə boğazını kəsməklə intihara cəhd edib. Halı pisləşdiyindən həkimə aparıblar. Boğazının kəsilmiş nahiyəsinə 17 tikiş qoyublar. Bundan sonra Bakı şəhər Nəsimi Rayon Məhkəməsi Nicat barədə həbs qətimkan tədbiri seçib və onu Kürdəxanı həbsxanasına (1 saylı Bakı İstintaq Təcridxanası-red) aparıblar”, Nicat İbrahimin həyat yoldaşı Pərvin İbrahim Amerikanın Səsinə deyib.

Pərvin İbrahin noyabrın 1-də Amerikanın Səsinə deyib ki, həyat yoldaşı intihara cəhd etdiyi zamanı boğazına, qulağına və əlinə yetirdiyi bıçaq zərbələrinin yerlərində kəskin ağrılar baş qaldırıb.

“O dedi ki, qulaqlarındakı yaralardan yatanda əziyət çəkir, əl barmağının vətəri kəsildiyindən barmaqlarından biri işləmir. Boğazındakı yaraları ağır vəziyyətdədir”, o qeyd edib.

Pərvin İbrahimin sözlərinə görə, polis idarəsində ona qarşı fiziki təzyiqlərə etiraz olaraq intihara cəhd etməsi ilə bağlı prokuroluğa müraciətindən 37 gün sonra onun yaralarına baxmağa gəliblər.

“Nicat isə sadəcə sual verib ki, niyə 37 gündən sonra araşdırma aparırsınız? Amma, buna baxmayaraq boğazında, qulaqlarında, əlində bıçaq yaraları hələ də qalır. Amma, ona fiziki təzyiqlər nəticəsində yaranan qançırlar təbii ki, 37 gün qala bilməzdi”, o həyat yoldaşının dediklərinə istinadən qeyd edib.

Pərvin İbrahim həyat yoldaşına qarşı təzyiqlərin indi də davam etdiyini bildirib.

“Nicat aclıq etdiyi üçün onu Maştağadakı Psixiatriya Dispanserinə aparıb yoxlayıblar”, o qeyd edib.

İctimai fəal Nicat İbrahim barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Sentyabrın 9-da Nəsimi rayon Məhkəməsi fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

İttiham sübut olunsa, Nicat İbrahimi 8 ilədək həbs gözləyir.

Bundan öncə, Nicat İbrahim 2021-ci il martın 5-də Bakının Nəsimi rayon Məhkəməsinin hökmü ilə 1 il 3 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə – koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.

Nicat İbrahim 2020-ci il iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb.

Məhkəmədə son sözündə İbrahim günahsız olduğunu, heç vaxt koronavirusa yoluxmadığını, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.

Nicat İbrahim ictimai fəaldır. O, sosial şəbəkələrdə çoxsaylı tənqidi statusları ilə hökuməti tənqid edib.

İbrahim bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.

Azərbaycanda son illərdə bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olunanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov, hökumətin siyasətini tənqidləri ilə tanınan keçmiş diplomat Emin İbrahimov, jurnalist Rza Səfərsoy da var.

Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az