“1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin səhhətindəki problemlər qalır. Bu səbəbdən bu günlərdən yenidən onun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət edəcəyik”.
Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə onunla telefon danışığından sonra bildirib.
“Xüsusilə də ötən həftənin beşinci günü onu yenidən təcridxanada ultrasəs müayinəsindən keçiriblər. Müayinə zamanı böyrəyində yenidən daşlar aşkarlanıb. Mədəaltı vəzi və qaraciyərində böyümələr var”, o bildirib.
Nəsimi Məmmədli deyib ki, Ələsgər Məmmədlinin qalxanabənzər vəzindəki tiroid düyünlər də öz böyük ölçüsünü saxlayır.
“Həkim bildirib ki, qalxanabənzər vəzindəki düyünlər mütləq cərrahi əməliyyatla götürülməldiir. Amma təcridxanada cərrahi əməliyyatın aparılması üçün şərait yoxdur. Çünki o yüksək dəqiqlik tələb edən cərrahi prosesdir”, o əlavə edib.
Onun sözlərinə görə, Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün bu günlərdə yenidən məhkəməyə müraciət olunacaq.
“Ələsgər bəy özü bildirir ki, onun həbsindən sonrakı durumu iki istiqamətdə qiymətləndirmək olar. Biri onun saxlanılması, digər isə mühakimə edilməsi prosesi ilə bağlıdır. Saxlanma şəraiti normaldır. Onunla qanunvericiliyin tələbinə uyğun davranırlar. Amma mühakimə prosesini “hüquq terroru” kimi qiymətləndirir. İndiyə qədər müstəntiqlə bir dəfə də olsun qarşı-qarşıya ifadə verməyib. Ümumiyyətlə soruşan olmayıb ki, sən nə üçün buradasan?” Nəsimi Məmmədli bildirib.
O hesab edir ki, Ələsgər Məmmədlinin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.
“Çox təəssüflər olsun ki, dövlət orqanlarına müxtəlif vasitələrlə edilən müraciətlər cavabsız qalır”, Nəsimi Məmmədli deyib.
Penitensiar Xidmət Məmmədlinin səhhəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini daha 3 ay uzadıb.
Martın 6-8-də “Tolum TV” və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.
“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.
Amerikanın Səsi