Məhkəmə Fazil Qasımovun dövlət hesabına vəkil tələbini rədd edib

tərəfindən Gozetci

Fazil Qasımov

 

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.

Bu barədə onun ailə üzvləri Toplum TV-yə məlumat veriblər.

Ailəsi bildirir ki, məhkəmə iclası zamanı Fazil Qasımov vəkili Nemət Kərimliyə bəzi sənədləri təqdim etmək istəsə də, konvoy əməkdaşları sənədləri ondan alıblar.

“Hakim də sənədlərin vəkilə verilməsinə icazə verməyib. Qasımov buna etiraz edərək, hakimin bu cür müdaxiləsinin hüquqi əsasının olmadığını bildirib”, – deyə yaxınları bildirib.

Daha sonra o, vəkilindən imtina etmək barədə vəsatət verib. Qasımov bildirib ki, artıq 90 gündür vəkili ilə əlaqə qura bilmir. Onun sözlərinə görə, nə vəkili görüşə gəlib, nə də Penitensiar Xidmət onun vəkillə əlaqə yaratmasına imkan verib. F.Qasımov vəkilin onun hüquqi müdafiəsi ilə maraqlanmadığını deyib.

İqtisadçı həmçinin müdafiə hüququ pozulduğu üçün aclıq aksiyasına başladığını elan edib. Onun sözlərinə görə, artıq üç gündür qida qəbul etmir və bu gündən etibarən su da içməyəcək. O, ailəsinin yeni vəkil tutmağa maddi imkanı olmadığını qeyd edərək, dövlət hesabına vəkillə təmin olunmasını xahiş edib.

Vəkil Nemət Kərimli bu istəyə etiraz etməyib və bildirib ki, təqsirləndirilən şəxsin vəkildən imtina etmək hüququ var.

Hakim isə vəsatəti təmin etməyib. O, bildirib ki, vəkilin təqsirləndirilən şəxslə görüşməməsi vəkilin dəyişdirilməsi üçün qanuni əsas sayılmır.

Hakimin sözlərinə görə, vəkil ilə təqsirləndirilən şəxsin məhkəmə zalında konfidensial görüşməsi üçün ayrıca vaxt ayrılacaq.

Vəkil Nemət Kərimli vəsatətin təmin edilməməsini qanun pozuntusu adlandıraraq, məhkəmə tərkibinə etiraz edib.

Növbəti məhkəmə prosesi avqustun 19-u saat 16:00-a qədər təyin edilib.

Qasımov mayın 21-dən başlamaqla azadlığa buraxılması üçün 2 aya yaxın aclıq edib. O, iyunun 17-də aclığı dayandırıb.

Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu. Özü isə ittihamı rədd edir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.

Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.

Toplum TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az