İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov ötən dəfəki iclasdakı çıxışına davam edib.
O, çıxışının bu hissəsində İDİ-nin yaranma tarixçəsindən, gənclərin maarifləndirilməsi üçün aparılan təlimlərdən danışıb.
Qurbanov istintaq dövründə ifadə verməməsinə aydınlıq gətirərək deyib ki, istintaq orqanı qondarma sübut toplamaq işi ilə məğul olub və o da buna etiraz edib. O, məhkəmədə ifadə verməsini isə bununla izah edib ki, onun ədalətli mühakimə gözləntisi yoxdur, lakin ən azından cəmiyyəti məlumatlandırmaq istəyir.
Hakim vaxt məhdudiyyətini əsas gətirərək onun çıxışını yarımçıq saxlayıb.
İclasda, həmçinin, Toplum TV əməkdaşı Fərid İsmayılov vəsatətlər qaldırıb. Vəsatətlərin birində o, hökumətyönlü mediada haqqında gedən, istintaq sirri olduğu iddia edilən yazıların araşdırılmasını istəyib. Hakim ondan növbəti iclasda sözügedən yazıların ekran görüntülərini (“skrinşot”) təqdim etməsini istəyib.
Jurnalist digər vəsatətində ötən prosesdə zərərçəkən kimi çıxış edən Dövlət Vergi Xidmətinin “Toplum”çulardan 79 min manat istəməsini prosessual məcəllənin pozuntusu olduğunu bildirib. Hakim isə yalnız təqsirləndirilən şəxslər çıxışlarını bitirdikdən sonra zərərçəkən tərəfə suallar ünvanlana biləcəyini deyib.
Bununla da, hakim vəsatətləri baxılmamış saxlayıb.
Prosesin davamı iyulun 14-ü saat 10:00-a təyin olunub.
Toplum TV