Anar Məmmədlinin işi üzrə ittiham aktının bir hissəsi elan olunub

tərəfindən Gozetci

Anar Məmmədli

 

İyulun 7-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın (Abdullayev) işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə ittiham aktının bir hissəsi oxunub.

Növbəti proses iyulun 28-i, saat 14:00-a təyin edilib.

Xatırladaq ki, SMDT-nin sədri Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.

Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, sonradan bir neçə maliyyə cinayəti üzrə maddələr də əlavə edilib.

İstintaqın yekunlaşmasından qısa müddət əvvəl bu iş üzrə ictimai fəal Anar Abdulla (Abdullayev) də təqsirləndirilən şəxs elan edilib. Ona qarşı da eyni maliyyə ittihamları irəli sürülüb. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı son on ildə həyata keçirilən ikinci kütləvi həbs dalğası başlayıb, müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və müxalif fəallar ard-arda müxtəlif cinayət işləri üzrə istintaqa cəlb olunublar.

Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildirirlər.

Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə 370-dən çox siyasi məhbus var.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az