Anar Məmmədli
Azərbaycan: BMT ekspertləri tanınmış hüquq müdafiəçisinin bir ildən artıq müddətə əsassız həbsindən narahatdır
26 may 2025, CENEVRƏ – BMT-nin müstəqil ekspertləri bu gün tanınmış azərbaycanlı insan hüquqları müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədlinin ötən ilin 29 aprelində əsassız şəkildə saxlanılmasından sonra, hələ də həbsdə qalmasından dərin narahatlıqlarını ifadə ediblər.
“İnsan hüquqlarını müdafiə etmək heç vaxt cinayət hesab olunmamalıdır,” – ekspertlər belə bildiriblər. Ekspertlərin fikrincə, bu həbs Azərbaycanda tənqidi səslərə və müstəqil seçki müşahidəçilərinə qarşı artan təzyiq kontekstində baş verib. Həbsdən əvvəl SMDT 2024-cü ilin fevralında keçirilmiş prezident seçkiləri zamanı qeydə alınan pozuntular barədə hesabat yaymış, eləcə də Anar Məmmədli BMT İnsan Hüquqları Şurasında təşkil olunan tədbirlərində iştirak etmişdi.
2024-cü il 28 iyun tarixində BMT ekspertləri Azərbaycan hakimiyyətinə məktub göndərərək Anar Məmmədlinin əsassız həbsi, məhkəmə qərarı olmadan aparılmış axtarışlar, vəkilə çıxış imkanının məhdudlaşdırılması, həbsdə sağlamlıq vəziyyətinin pisləşməsi və onun hüquq müdafiə fəaliyyətinə cavab olaraq aparıldığı iddia edilən qarayaxma kampaniyası ilə bağlı ciddi narahatlıqları diqqətə çatdırıblar.
“Anar Məmmədlinin həbsi və barəsindəki cinayət işi onun hüquq müdafiə fəaliyyəti və BMT mexanizmləri ilə əməkdaşlığına görə qisas məqsədilə həyata keçirilmiş ola bilər,” – ekspertlər belə deyiblər.
Azərbaycan hökuməti bu iddiaları rədd edərək bildirib ki, Anar Məmmədliyə qaçaqmalçılıq və qanunusuz əldə edilən əmlakın leqallaşdırılması ittihamları üzrə istintaq aparılır. Hökumət həmçinin onun həbs müddətində bütün lazımi hüquqi təminatlarla və tibbi yardımla təmin olunduğunu qeyd edib.
Lakin BMT ekspertləri istintaq prosesindən hələ də narahatlıq keçirirlər, xüsusilə də Anar Məmmədlinin 2013-cü ildəki əvvəlki həbsi fonunda. Avropa İnsan Hüquqları Məhkəməsi həmin həbsi qanunsuz və siyasi motivli hesab etmişdi. 2018-ci il qərarına əsasən, Azərbaycan hökuməti Məmmədlinin məhkumluğunu ləğv etməli və onun siyasi və mülki hüquqlarını bərpa etməli idi, lakin ekspertlər bildirir ki, bu qərar indiyədək tam yerinə yetirilməyib.
“Vətəndaş iştirakçılığı, müstəqil seçki müşahidəsi və beynəlxalq mexanizmlərlə əməkdaşlıq demokratik cəmiyyətlərin təməlini təşkil edir,” – ekspertlər qeyd ediblər.
“Bu fəaliyyətləri cinayət kimi təqdim etmək hüququn aliliyinə zərbə vurur”
BMT-nin xüsusi məruzəçiləri Azərbaycanı ədalətli məhkəmə prosesini təmin etməyə, Anar Məmmədlinin əsas hüquqlarına hörmət etməyə, onun sağlamlıq durumu ilə bağlı adekvat tibbi yardım göstərməyə və bütün hüquq müdafiəçilərinə qarşı təzyiqlərə son qoymağa çağırıblar.
Ekspertlər bu işi yaxından izləməyə davam edəcəklər, xüsusilə də BMT mexanizmləri ilə əməkdaşlığa görə həyata keçirilən mümkün təqib hallarına diqqət yetirəcəklər.
* Mary Lawlor – İnsan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçi,
Gina Romero – Dinc toplaşmaq və birləşmək azadlığı hüquqları üzrə xüsusi məruzəçi,
Irene Khan – Fikir və ifadə azadlığının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçi,
Tlaleng Mofokeng – Hər kəsin mümkün olan ən yüksək fiziki və əqli sağlamlıq səviyyəsindən istifadə etmək hüququ üzrə xüsusi məruzəçi.