Hacı Vəliyev
Aprelin 18-də Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin həbs müddəti uzadılıb.
Bu barədə vəkil Aqil Layıc məlumat verib. Bununla bağlı Xətai rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.
Müdafiə tərəfinin bildirməsinə görə, Hacı Vəliyev həbsdə müalicəsini davam etdirə və ağrıkəsicilərlə təmin edilə bilməməsindən şikayətlənir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən onun Mərkəzi Müalicə Müəssisəsinə köçürülməsi istənilir.
Bu xahişə, hələlik, Penitensiar Xidmət və ya başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Hacı Vəliyev barəsində aprelin 1-də Xətai rayon Məhkəməsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Onun Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir. Amma onun ittihamları qəbul etmədiyi vurğulanır. Həmin maddələrlə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
Hacı Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. Onun bundan əvvəl də saxlanıb sərbəst buraxıldığı bildirilmişdi. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.
Gənc Qazilər Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılıb.
AzadlıqRadiosu