Müsavat Partiyasının fəalı Əlikram Xurşidovun yanvarın 19-da gecə saatlarında Şirvan şəhərində yaşadığı evdə saxlandığı bildirilir. Bu barədə Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı məlumat verib. Onun deməsinə görə, Xurşidovun körpə uşaqlarının da olduğu evə 15-20 maskalı hücum edilib.
Məclis sədrinin sözlərinə görə, gecə saat 3 radələrində olan bu olaydan əvvəl onların yaşadığı ərazidə işıqlar söndürülüb.
Partiyadan bildirildiyinə görə, daha sonra Əlikram Xurşidovun Şirvan şəhər Polis Şöbəsinə aparıldığı və orada işgəncəyə məruz qaldığı barədə məlumatlar yayılıb.
“Əvvəllər də şərlənərək həbs edilən Əlikram Xurşidov sosial mediada tənqidi yazıları ilə tanınan Müsavat fəalıdır. Onun, məhz bu səbəbdən saxlanması şübhəsizdir. Əlikram Xurşıdovun saxlanması ölkədə davam edən repressiya siyasətinin davamıdır”, – Arif Hacılı deyib.
Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan bu deyilənlərə münasibət almaq mümkün olmayıb.
Onun əvvəlki həbsi
Müsavat Partiyası Məclisinin üzvü, partiya başqanının müşaviri olan Əlikram Xurşidov 2017-ci il noyabrın 22-dən həbs həyatı yaşayıb, siyasi məhbus sayılıb, 2019-cu il martın 17-də əfv sərəncamı ilə azad edilib. O, 5 il həbs cəzası almışdı. Xuliqanlıqda ittiham edilən müxalifətçi ittihamı qəbul etməyib.
AzadlıqRadiosu