Dövlət ittihamçısı ictimai fəal İlhamiz Quliyevə 7 il həbs istəyir

tərəfindən Gozetci

İlhamiz Quliyev

 

Noyabrın 28-də ictimai fəal İlhamiz Quliyevin işi üzrə növbəti iclas keçirilib.

Prosesdə Bakının Yasamal Rayon 28-ci Polis Bölməsinin cavabı dinlənilib. Əvvəlki iclasda müdafiə tərəfi məhkəmədən İlhamiz Quliyevin ötən il dekabrın 4-də aparıldığı bu polis bölməsinin müşahidə kameralarından kadrları istəməyi xahiş etmişdi. Lakin polis bölməsinin cavabında kameraların videogörüntülərinin qalmadığı bildirilib.

Bundan başqa, Yasamal polisi iddia edib ki, Quliyev polis bölməsinə gətirildikdən sonra  onun bədənində heç bir xəsarət izi olmayıb və ona fiziki təzyiq göstərilməyib. Buna cavab olaraq vəkil Zibeydə Sadıqova bildirib ki, müvəkkilinin bədənində xəsarət izlərinin mövcudluğu tibbi kartda qeydə alınıb, bu kart da polis bölməsində saxlanılır.

Məhkəmənin sorğusuna cavab olaraq polis bölməsinin müvəqqəti saxlama yerindən dekabrın 4-də İlhamiz Quliyevin ümumiyyətlə orada saxlanılmadığını bildiriblər.

Prosesdə müdafiə tərəfi Quliyevin saxlanıldıqdan sonra müsadirə edilmiş möbil telefonunun qaytarılması tələbi də daxil olmaqla, bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, İlhamiz Quliyevin təqsirinin tamamilə sübuta yetirildiyini bildirib və onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil son sözə hazırlıq üçün vaxt istəyib. Proses dekabrın 13-nə qədər təxirə salınıb.

* Xatırladaq ki, Quliyev 4 dekabr 2023-cü il tarixində saxlanılıb, ayın 6-da isə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edilib.

Lakin Quliyevin həbsinin əsl səbəbi Abzas Media nəşrinə verdiyi müsahibədə polisin qanunsuz hərəkətlərindən və cinayət işlərinin saxtalaşdırılmasından danışmasıdır. Hüquq müdafiəçiləri Quliyevi siyasi məhbus kimi tanıyıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az