Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalif siyasətçi Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ötən iclasda Yaqublunun vəkilləri Demokratik Qüvvələrin Milli Şurasının üzvləri, müxalifət fəalları, habelə siyasətçinin həyat yoldaşı Maya Yaqublunun əlavə şahid kimi məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti qismən təmin edərək əlavə 4 şahidin məhkəməyə çağırılması barədə qərar qəbul edib.
Bugünkü məhkəmə prosesində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesində müdafiə tərəfinin iki şahidi dinlənilib.
Siyasətçinin xanımı Maya Yaqublu şahid qismində ifadə verib. Maya Yaqublu məhkəmədə qeyd edib ki, axtarış protokolundakı məlumatlar saxtalaşdırılıb.
Sonra müxalifətçi fəal Kənan Basqal ifadə verib.
Basqal bildirib ki, həmin gün Yaqublu ilə birlikdə Pirşağı qəsəbəsinə Demokratik Qüvvələrin Milli Şurasının ilcasına gedib.
Növbəti məhkəmə iclasının vaxtı elan edilməyib.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.
Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.
Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Amerikanın Səsi