Jurnalist təcridxanadakı işgəncə faktlarını ictimailəşdirdikdən sonra təxribatlarla üzləşdiyini deyir
“Abzas Media”nın 9 aydan çoxdur həbsdə saxlanılan direktoru Ülvi Həsənlinin təcridxanada ölümlə təhdid edildiyi bildirilir.
Bu barədə Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva Facebook hesabında yazıb.
Rübabə Quliyeva qeyd edib ki, Ülvi Həsənli telefon danışığında saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktlarını ictimailəşdirdikdən sonra kamerasındakı bir nəfərin ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər etdiyini bildirib.
“Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı Siyavuş adlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən “lezva” çıxararaq Ülvini kəsəcəyi ilə hədələyib.
Onu da qeyd etdi ki, məhz onun məktubu ictimailəşəndən sonra həmin şəxs davamlı olaraq təcridxananın rəisi Elnur İsmayılovla kabinetində görüşüb”, – deyə Rübabə Quliyeva yazıb.
Paylaşımda həmin şəxsin özünün dəfələrlə Ülvi Həsənliyə hökmünün azaldılmasında 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun birbaşa rolunun olduğunu söylədiyi vurğulanıb.
“Onun barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür, təcridxanada saxlanılır. Ülvi hesab edir ki, Siyavuş adlı bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar”, – deyə Rübabə Quliyevanın paylaşımında qeyd olunub.
O həmçinin bildirib ki, Ülvi Həsənli bu barədə məlumatı ona ötən həftə görüşdükləri zaman verib.
Məsələ ilə bağlı Ülvi Həsənli və vəkili Zibeydə Sadıqova təcridxana rəisinə, rəis müavininə 10 gündən çoxdur şikayətlərini ünvanlasalar da, dəyişən heç bir şeyin olmadığını bildiriblər.
Rübabə Quliyeva həyat yoldaşının təhlükəsizliyindən narahat olduğunu qeyd edib.
“Siyavuş adlı bu şəxs çox təhlükəlidir. Aydın görünür ki, məqsədli şəkildə bu təxribatlara əl atır. Onun hətta gecə yatdığı yerdə Ülviyə hücum etmək ehtimalı var. O zaman buna görə kim cavab verəcək?”.
Rübabə Quliyeva paylaşımının sonunda Ombudsman aparatının, Penitensiar Xidmətin bu işi dərhal araşdırmalarını, Ülvi Həsənlinin təhlükəsizliyinin təmin edilməsini tələb edib.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Avqustun 19-da jurnalistlərə qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş böyük məbləğdə pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb.
Jurnalistlər onlara qarşı irəli sürülmüş ittihamların uydurma olduğunu deyir, “Abzas Media”nın yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin korrupsiya əməllərinə dair dərc etdiyi araşdırmalara görə təqib olunduqlarını bildirirlər.
Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları “Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək, həbs edilənlərin azadlığa buraxılmasına çağırış ediblər.
AbzasMedia