“Abzas Media işi” üzrə həbs olunan iqtisadçı Fərid Mehralızadəyə də daha 7 ağır maddə verilib

tərəfindən Gozetci

Fərid Mehralızadə

Avqustun 16-da “Abzas Media işi” üzrə həbs olunan iqtisadçı Fərid Mehralızadəyə qarşı 7 ağır maddə ilə yeni ittiham irəli sürülüb.

Bu barədə məlumatı onun həyat yoldaşı Nərgiz Muxtarova verib.
“Fərid Mehralızadəyə qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb”, – deyə iqtisadçının həyat yoldaşı “Facebook” hesabında yazıb.
Nərgiz Muxtarova qeyd edib ki, ittihamlar həyat yoldaşına qarşı heç bir sübutun olmamasından qaynaqlanan absurd ittihamdır.
“Fərid illərdir rəsmi əmək müqaviləsi ilə bankda işləyib. Rəsmi maaşı olan şəxsin rahatlıqla ala biləcəyi qiymətdə rəsmi köçürmə ilə öz adına aldığı və şəxsi istifadə etdiyi avtomobilini cinayət yolu ilə əldə olunmuş pulun leqallaşdırılması kimi təqdim edirlər”, – deyə o əlavə edib.
Abzas Media-nın əldə etdiyi məlumata görə bu iş üzrə cəlb olunmuş digər şəxslərə də yeni ittihamlar irəli sürüləcək.
Xatırlatma
Fərid Mehralızadəni mayın 31-də işdən çıxarkən polis saxlayıb. Daha sonra onun evində axtarış aparılıb.
İyunun 1-də ona qarşı “Abzas Media işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün “Abzas Media”nın müvəqqəti rəhbərliyi bəyanat yayaraq Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az